Kremlin mətbuat katibi Dmitri Peskov oğlu Nikolayla Aleksey Navalnının tərəfdarı olan Dmitriy Nizovtsev arasında danışıqdan xəbərdar olduğunu bildirib.

TASS xəbər verir ki, Peskov jurnalistlərə deyib ki, söhbətin tam mətni dərc olunmayıb.

“Baş verənlərdən xəbərim var, oğlum məlumatlandırıb. Bu məsələ sırf mənim oğluma aid olduğu üçün cavablandırmağa məcbur deyiləm”, - Kremlin sözçüsü qeyd edib.

Dmitri Peskov onu da bildirib ki, oğlunun hərbi komissarlığa getməkdən boyun qaçırması haqda deyilənlər kontekstdən çıxarılıb.

Qeyd edək ki, Dmitri Peskovun oğlu Nikolayla Aleksey Navalnının tərəfdarı olan Dmitriy Nizovtsev arasında danışıq zamanı ikinci özünü hərbi idarənin nümayəndəsi kimi təqdim edib. Dmitriy Nizovtsev Nikolay Peskova çağırış vərəqəsi göndərildiyini deyir və sual edir ki, göstərilən saatda hərbi komissarlığa gələ bilərmi? Nikolay Peskov isə “Bilirsiniz ki, mən cənab Peskovam, ora getməyimin nə qədər yanlış olduğunu başa düşməlisiniz”, - deyə cavab verib.

.