2022/2023-cü il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirlib ki, peşə təhsili müəssisələrində direktor və ya direktor müavini kimi işləmək istəyən şəxslər 28 İyun – 13 İyul tarixləri arasında https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.

Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. 20 iyul tarixinədək ərizələri təsdiq edilən namizədlər 1 avqustda baş tutacaq qanunvericilik və məntiqə aid suallardan ibarət imtahanda iştirak edəcəklər. Müsabiqənin nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi isə elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Peşə təhsili müəssisələrinə direktorların və direktor müavinlərinin işə qəbulu aşağıda qeyd edilən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir:

Direktor vəzifəsi üçün ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər, direktor müavinləri üçün ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilər.

.