Pensiya, müavinət, təqaüd və sosial yardım alan vətəndaşlarımız üçün müxtəlif endirimlərdən faydalanmaq fürsəti verən “Sosial tərəfdaş” layihəsi çərçivəsində 350 şirkət artıq 1 ilə yaxındır ki, benefisiarlarımıza müxtəlif sahələrdə, xidmət sektorlarında endirimlər təklif edir. 30 faizədək olan endirimlərdən bu günədək nağdsız qaydada, yəni kartla ödəniş edən 750 mindən çox şəxs faydalanıb. Sosial ödəniş alan vətəndaşlar ölkənin hər yerində fəaliyyət göstərən marketlər, mağazalar, klinikalar, apteklər, restoranlar və digər xidmətlər təklif edən yüzlərlə iaşə obyektində sosial ödəniş kartı ilə nağdsız qaydada alış-veriş etdikdə bu endirimlərdən faydalanmaq şansı əldə edə bilərlər. Endirim təklif edən şirkətlərin siyahısı ilə taniş olmaq üçün linkə daxil olmaq lazımdır: https://dsmf.gov.az/az/sosial-terefdas
Respublikanın ən böyük marketlər şəbəkələrindən biri olan və demək olar ki, bütün şəhər və rayonlarımızda fəaliyyət göstərən BazarStore və Al Market layihənin sosial tərəfdaşlarındandır. Bol çeşidli məhsulları ilə müştərilərinə geniş seçim imkanı yaradan bu marketlər şəbəkələri sosial ödəniş alan şəxslərə endirimlər təklif edir. Həmin marketlərin istənilən satış nöqtəsindən alış-veriş edərək, hesabı sosial ödəniş kartı ilə nağdsız qaydada ödədikdə endirimlər tətbiq olunur. Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən FLO mağazalar şəbəkəsi də sosial ödəniş alan vətəndaşlara endirimlər təklif edir. Bu mağazalar şəbəkəsinin satış nöqtələrindən qadın, kişi, uşaqlar üçün klassik və idman geyimləri, eləcə də ayaqqabı və çantaları endirimli qiymətlərlə almaq mümkündür.
Müasir tibbi avadanlıqlar və təcrübəli personalı ilə pasientlərin müayinə və müalicəsini həyata keçirən Memorial Klinik də layihənin partnyorlarındandır. Vətəndaşlara yüksək səviyyəli xidmət göstərən bu səhiyyə ocağı sosial ödəniş alan şəxslərə 15 faiz endirim təklif edir. Bu endirimlərdən faydalanmaq üçün hesab mütləq sosial ödəniş kartı ilə nağdsız qaydada ödənilməlidir. Sumqayıt Hospital da “Sosial tərəfdaş” layihəsinin iştirakçısıdır və sosial ödəniş alan şəxslərə endirim təklif edir. Bu tibb müəssisəsində müayinə və müalicə olunmaq istəyən sosial ödəniş alan şəxslərin endirim fürsətindən istifadə etmək şansı var. Eləcə də Avis Apteklər şəbəkəsi sosial ödəniş alan şəxslərə endirimli qiymətlərlə xidmət göstərir. Sosial ödəniş alan şəxslərin bu apteklər şəbəkəsində satılan bütün məhsulları daha ucuz qiymətə almaq imkanı var. Alış-veriş və xidmətlərdən istifadə etdikdə endirim tətbiq olunması üçün ödəniş mütləq sosial ödəniş kartı ilə reallaşdırılmalıdır.
Layihəyə Xaçmaz rayonunun Qusarçay kəndində fəaliyyət göstərən Kristal Ticarət Mərkəzi də qoşulub. Bu böyük ticarət mərkəzində alış-veriş edərək, hesabı sosial ödəniş kartı ilə nağdsız qaydada ödəyən hər kəsə endirim tətbiq olunur. Bakının müxtəlif istiqamətlərində fəaliyyət göstərən, eləcə də Sumqayıtda satış nöqtəsi olan Miniso mağazası da “Sosial tərəfdaş” layihəsinə qoşulub. Tərəfdaş olaraq bu mağaza da sosial ödəniş alan şəxslərə endirim faizləri təklif edir. Əsasən uşaq oyuncaqları, müxtəlif aksesuarlar və kosmetik vasitələrin satışı üzrə fəaliyyət göstərən mağazada bütün məhsullara endirim tətbiq olunur.
Dadlı, ləzzətli şirniyyatları ilə seçilən Almond Kulinariya da layihənin partnyorlarındandır. Bakı şəhərində bu brendin 4 mağazası fəaliyyət göstərir. Peşəkar ustalar tərəfindən hazırlanan şirniyyatlardan dadmaq üçün yolunu bu məkandan salan sosial ödəniş alan şəxslərə burada da endirimlər təklif olunur. Bu mağazalarda həmçinin dietik, şəkərsiz və qlütensiz şirniyyatlar da satılır. Sosial tərəfdaşlar arasında Coffee Bar da var. Asudə vaxtını ailəsi, yaxınları və doğmaları ilə keçirmək istəyən sosial ödəniş alan şəxslər yolunu bu rahat məkandan salıb təklif olunan endirim faizindən yararlana bilərlər.
“Sosial tərəfdaş” layihəsinə qoşulmaq istəyən şirkətlər (+994) 10-712-73-12 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
.