Danışıqlar (Qarabağ danışıqları) prosesi ilə bağlı bütün əsas sənədlər artıq ictimaiyyətə təqdim edilib və keçmiş prezidentlərlə bu mövzuda debata çıxmağa ehtiyac yoxdur.

Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə bildirib.

“Bu məsələ artıq bitib, danışıqlar prosesi ilə bağlı heç bir anlaşılmazlıq yoxdur. Əgər Ermənistan vətəndaşları bu sənədləri oxuyacaqsa, heç bir sual yaranmayacaq. Hazırda onları (keçmiş prezidentləri) debata dəvət belə etmirəm, onlarla nə barədə danışmaq olar ki? Artıq debat aparmaq üçün mövzu yoxdur. Oxuyub hər yerdə danışsınlar. Nə danışacaqlar? Danışacaq bir şey yoxdur”, – Paşinyan qeyd edib.

Qeyd edək ki, ötən gün Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib. Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Bunların arasında 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri və üçüncü prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə məktubu da var.

.