Ermənistanın Baş naziri Nikol Paşinyan "Taşir" şirkətlər qrupunun həbsdə olan prezidenti Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" (EEŞ) QSC-nin tamamilə milliləşdirilməsini ən yaxşı variant hesab edir.
Paşinyan bunu QSC-nin müvəqqəti idarəçisi Romanos Petrosyanla görüşündə bildirib.
"İki variant var. Birincisi, EEŞ-in tam milliləşdirilməsi, bundan sonra hökumətin nəzarəti altında şirkəti idarə edəcək peşəkar menecer dəvət edəcəyik. İkinci variant isə belədir: əgər məlum olsa ki, tam milliləşdirmə maliyyə xərcləri səbəbindən mümkün deyil, o zaman yeni investor cəlb etmək lazım gələcək. Düzünü desəm, mənim üçün ən yaxşı və ən arzuolunan variant birincisidir - EEŞ-in milliləşdirilməsi, lakin bunun maliyyə komponenti var", - o bildirib.
.
