Gürcüstanda qeyri-hökumət təşkilatlarının (QHT) maliyyələşməsi ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, ölkədə QHT-lərin maliyyələşməsi və ayrılan vəsaitin necə, hara xərcləndiyi bilinmir. Bir sözlə, QHT-lərin fəaliyyətində heç bir şəffaflıq yoxdur.
Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, 500 qeyri-hökumət təşkilatının 80 faizinin xaricdən aldığı qrantın məbləği bilinmir. Bununla yanaşı, onların 70 faizinin donorunun kim olduğu məlum deyil.
Ş.Papuaşvili deyib ki, QHT-lərin 97 faizi müxtəlif icmaları təmsil etdiklərini deyirlər, lakin il ərzində həmin icmaların xeyrinə gördükləri işlərin hesabatını cəmiyyətə təqdim etmirlər: "Əksər hallarda işçilərin kimlər olduğu, bu qurumun arxasında kimin dayandığı, donorun kimliyi, komandanın kimdən ibarət olduğu ümumiyyətlə bilinmir".
.