Bu gün Milli Məclisin plenar iclasında "Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, qeyd olunan əlavə Protokol “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədilə hazırlanıb.

Bu protokola Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilir. 15-ci (üçüncü dövlətə verilmə) maddəyə isə yeni bənd əlavə olunur. Bundan başqa, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulur.

Dördüncü Əlavə Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

.