Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcə layihəsində sadələşdirilmiş vergi üzrə gəlir proqnozları əvvəlki ilin icra nəticələri fonunda riskli hesab olunur.

Bu barədə Hesablama Palatasının Naxçıvan MR-nin 2026-cı il büdcə layihəsinə dair auditor hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, 2025-ci il üzrə sadələşdirilmiş vergi daxilolmaları proqnozu özünü doğrultmayıb. Belə ki, 2025-ci il üçün bu vergi növü üzrə 5,0 mln. manat daxilolma proqnozlaşdırılsa da, gözlənilən icra göstəricisi 4,45 mln. manat səviyyəsində formalaşıb. Nəticədə təxminən 0,55 mln. manatlıq icra çatışmazlığı yaranıb.

Hesablama Palatasının qiymətləndirməsinə görə, icranın zəif qalmasına əsas səbəb notariat ofisləri vasitəsilə daşınmaz əmlak satışlarının azalması və bank hesablarından vəsaitlərin nağdlaşdırılması üzrə əməliyyat həcminin aşağı düşməsi olub.

Bu amillər sadələşdirilmiş vergi üzrə vergi bazasının daralmasına və daxilolmaların planlaşdırılan səviyyədən aşağı formalaşmasına səbəb olub.

Auditor hesabatında bildirilir ki, qeyd olunan icra nəticələri nəzərə alınaraq 2026-cı il üzrə sadələşdirilmiş vergi proqnozu 4,5 mln. manat səviyyəsində müəyyən edilib. Bu, 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 0,5 mln. manat azalma deməkdir. Lakin Palatanın qənaətinə görə, proqnozun azaldılması icra risklərini tam aradan qaldırmır.

Hesabatda vurğulanır ki, 2025-ci ilin 9 aylıq icra göstəriciləri də proqnoz səviyyəsindən geri qaldığı üçün 2026-cı ildə sadələşdirilmiş vergi üzrə büdcə kəsiri riski qalmaqdadır. Bu səbəbdən, növbəti büdcə ilində bu vergi növü üzrə daxilolmaların proqnozlaşdırılması zamanı iqtisadi əsaslandırmaların gücləndirilməsi və daha ehtiyatlı yanaşmanın tətbiqi zəruri hesab olunur.

Hesablama Palatası tövsiyə edir ki, gələcək dövrlərdə sadələşdirilmiş vergi üzrə proqnozlar hazırlanarkən faktiki dövriyyə göstəriciləri, daşınmaz əmlak bazarındakı aktivlik və nağdsız ödənişlərin real dinamikası daha dərindən nəzərə alınsın.

.