2023-cü ildəki imtahan nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin oxuyub yazmaqda çətinlik çəkdiyi məlum olub.

Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.

Məlumata əsasən, rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir:

Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və Bakı şəhərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Cəlilabad və Qobustan rayonlarından olub.

Ortastatistik abituriyent fənlər üzrə təhsil proqramının yalnız 27-56 faizini mənimsəyir
Ortastatistik abituriyent fənlər üzrə təhsil proqramının yalnız 27-56 faizini mənimsəyir
24 iyun 2024 16:47 (UTC +04:00)

Ortastatistik abituriyent fənlər üzrə təhsil proqramının yalnız 27-56 faizini mənimsəyir.

Bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində qeyd edilib. Bildirilib ki, ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda ortastatistik portreti müəyyənləşdirilib.

Belə ki, Azərbaycan bölməsində ortastatistik abituriyent I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 40.59, riyaziyyatdan 27.45, ingilis dilindən 41.00%-nə, II mərhələdə ana dilindən 53.90, ədəbiyyatdan 47.10, riyaziyyatdan 29.36, fizikadan 31.38, kimyadan 30.48, biologiyadan 45.86, tarixdən 32.90, informatikadan 38.42, coğrafiyadan 28.45%-inə düzgün cavab verib.

Rus bölməsində ortastatistik abituriyent isə I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 55.42, riyaziyyatdan 29.83, ingilis dilindən 56.28%-nə, II mərhələdə ana dilindən 52.53, ədəbiyyatdan 46.47, riyaziyyatdan 29.90, fizikadan 29.64, kimyadan 30.09, biologiyadan 40.02, tarixdən 25.10, informatikadan 37.22, coğrafiyadan 26.90%-ni düzgün cavablandırıb.

Jurnalda qeyd edilib ki, test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun təhsil proqramının 44–73%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrinin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır.

Ötən il qəbul imtahanlarından “2” qiymət alanların faizi artıb

2023-cü ildə qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların statistikası açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.

Məlumata əsasən, qəbul imtahanlarında iştirak edən və I-IV qrup üzrə imtahan verən abituriyentlərin 7,91 faizi 500-700 bal toplayıb. İmtahanlarda iştirak edənlərdən 17,91 faiz abituriyent isə 0-100 ballıq göstərici əldə edib.

2023-cü ildə I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 46.27%-i isə 200-dən az bal toplayıb.

Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0-200), (200-300), (300-500), (500-700) intervallarına bölərək, ənənəvi “2”, “3”, “4”, “5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, həmin il abituriyentlərin 46.3 faizi imtahandan “2”, 21.1%-i “3”, 24.8%-i “4”, 7.9%-i isə “5” qiymət alıb.

2022-ci ildə bu göstəricilər uyğun olaraq, 42.8%, 22.0%, 25.6%, 9.6% olub. Göründüyü kimi, ötən il “3”, “4” və “5” qiymət alanların faizi nisbətən azalıb, “2” qiymət alanların faizi isə artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 34.3%-ni “3”, 43.2%-ni “4”, 13.1%-ni isə “5” qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər, uyğun olaraq, 33.8%, 43.8%, 15.8% olub.

V ixtisas qrupu üzrə qəbul imtahanında toplanılması mümkün olan maksimal bal 300-dür. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 50.96%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur və abituriyentlərin yarıdan çoxu (50.39%) 100-150 bal intervalında nəticə göstərib.
 

.