Yeni Çələbixan qəsəbəsində sakinlər arasında baş verən kütləvi mənşəyi məlum olmayan xəstəliklə bağlı məsələyə Daxili İşlər Nazirliyinin Şəki Regional Qrupunun rəhbəri Mahir Məsimov münasibət bildirib.

Mahir Məsimov deyib ki, müvafiq qurumlar qəsəbədə olub, analiz üçün müvafiq nümunələr götürülüb:

“Dünən axşam saatlarından başlayaraq Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşayan bir qrup sakin, qızdırma, ishal və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib. Həkimlər tərəfindən onlara tibbi yardım göstərilib və evə buraxılıblar. Məsələ ilə bağlı Rayon Polis Şöbəsi, prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları həmin qəsəbədə olublar. Müvafiq nümunələr götürülüb və ekspertizaya təqdim edilib. Hazırda faktla bağlı Şəki Şəhər Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır”.

***

Bakının Yasamal rayonunda özünü binadan atan qadın və azyaşlı övladının vəziyyəti açıqlanıb.

TƏBİB-dən verilən xəbərə görə, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Bildirilib ki, digər azyaşlı tibb müəssisəsinə aparılan zaman yolda dünyasını dəyişib.

Xatırladaq ki, Yasamal rayonunda Sosial evlər 2 bina 28 ünvanında 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı övladları - 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb. Hadisə nəticəsində 1 yaşlı Sara Abbasova ölüb. Ana və onun iki yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.

.