2025-ci ildə Azərbaycandan 901 milyon 500 min ABŞ dolları dəyərində 845.9 min ton meyvə-tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsinin apardığı hesablamalara görə, əvvəlki ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 27.4% və ya 193.7 milyon dollar, həcmi isə 23.2% və ya 159.7 min ton artıb. 2024-cü ildə Azərbaycan 707 milyon 795 min ABŞ dolları dəyərində 686.3 min ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 192.5 milyon dollar dəyərində pomidor (172.9 min ton), 170.7 milyon dollar dəyərində meşə fındığı (18.9 min ton), 144.2 milyon dollar dəyərində xurma (187.6 min ton), 75.1 milyon dollar dəyərində alma (106.4 min ton ), 35.3 milyon dollar dəyərində nar ( 35.9 min ton), 28.4 milyon dollar dəyərində kartof (71.4 min ton) olub.

Xatırladaq ki, ötən il meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3.6%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24.85%-ə bərabər olub.

.