Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin Avropa Komissiyasının Rusiyanın enerji daşıyıcılarından imtina etmək planını dəstəkləməyəcəyini, lakin qərar konsensus deyil, səs çoxluğu ilə təsdiqlənərsə, onun Avropa İttifaqı (Aİ) tərəfindən qəbul edilməsinə mane ola bilməyəcəklərini söyləyib.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Orban “Kossuth” radiostansiyasının efirində bildirib.

“Onlar bunu səs çoxluğu ilə qəbul edə bilərlər”, - Orban Brüsselin yaxın illərdə Rusiya qazı, nefti və nüvə yanacağının tədarükünü dayandırmaq təşəbbüsünü şərh edərkən deyib.

Macarıstan hökumətinin başçısı vurğulayıb ki, o, bu planı Macarıstana qarşı yönəlmiş plan hesab edir, çünki o, Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləmir və bu məsələdə icma üzvlərinin əksəriyyətinə müxalifdir.

Orbanın sözlərinə görə, AK planının həyata keçirilməsi qiymətlərin bahalaşmasına gətirib çıxaracaq və macar ailələrinə mənfi təsir göstərəcək: “Rusiya qazına qoyulan qadağaya görə enerji qiymətləri artarsa, Macarıstan hər il 800 milyard forint (2 milyard avro) daha çox ödəyəcək”.

O, həmçinin qeyd edib ki, Macarıstanın Aİ-də həmfikir tərəfdaşları var və AK-nın təklifini Avropa üçün “iqtisadi intihar” adlandıran Slovakiyanın Baş naziri Robert Fitsonu misal göstərib. Orbanın sözlərinə görə, yaxın aylarda Aİ-də bu məsələ ətrafında ciddi mübarizə gözlənilir.

.