Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun iyunun 7-də keçiriləcək inaqurasiya mərasimində iştirak edəcək.
Virtualaz.org bu barədə Ukrayna mənbələrinə istinadən xəbər verir. Məlumatda deyilir ki, Ukrayna tərəfi inaqurasiya mərasimində iştirak üçün prezident İlham Əliyevə dəvət göndərib. Lakin rəsmi Bakı artıq Kiyevi mərasimdə Azərbaycanı spiker Oqtay Əsədovun təmsil edəcəyi barədə məlumatlandırıb. Poroşenkonun inaqurasiya mərasimində bir sıra Qərb ölkələrinin liderlərinin qatılacağı artıq təsdiqlənib. Keçmiş sovet respublikalarından Moldova prezidenti Nikolay Timofti, Estoniya prezidenti Tomas İlves, Latviya prezidenti Andris Berzniş və Litva prezidenti Dalya Qribauskayte da mərasimdə iştirak edəcəklər. Gürcüstanı da mərasimdə prezident Georgi Marqvelaşvili təmsil edəcək.
Azərbaycan parlamentinin spikerinin Ukraynanın yeni prezidentinin andiçmə mərasimi onun Moskva səfəri zamanı yaşanmış kazusdan sonraya təsadüf edəcək. Xəbər verildiyi kimi Rusiya rəsmi KİV-ləri Oqtay Əsədovun Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşünə dair yaydıqları xəbərlərdə O.Əsədovun adından Azərbaycanın ATƏT PA və AŞ PA-da Rusiyanın Ukraynaya dair mövqeyini dəstəkləyəcəyinə dair bəyanat yayıblar. Rəsmi Bakının Ukrayna böhranı ilə bağlı mövqeyinə zidd olan bu bəyanat dərhal geniş rezonansa səbəb olub. Milli Məclisin mətbuat xidməti dərhal Azərbaycanın Ukrayna məsələsində Rusiyaya dəstək vəd etməsi barədə İTAR-TASS-ın yaydığı xəbəri qəti şəkildə təkzib edib, bu xəbəri Bakı ilə Kiyev arasında nifaq salmağa yönələn addım adlandırıb.
.
