Oktyabrın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi səfir Rudolf Mihalka ilə görüşüb.
Bu barədə MM-in Mətbuat xidmətindən məlumat verilib.
Sədr qonağı salamlayaraq onu yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirildi ki, Azərbaycan 25 ildən artıqdır ki, ATƏT-in üzvüdür. Ölkəmiz bu təşkilatla hərtərəfli əməkdaşlığa böyük önəm verir. Keçən dövr ərzində ATƏT və onun müxtəlif qurumları ilə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. Qeyd olundu ki, keçən ay ATƏT-in Baş katibi Tomas Qreminger Bakıda səfərdə olarkən Milli Məclisdə onunla geniş fikir mübadiləsi aparılmışdır.
Spiker ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət bir qrupun ölkəmizə səfərini də xatırladı. O, ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclasdakı çıxışını və Milli Məclisdəki görüşünü yüksək dəyərləndirdi. Bildirildi ki, bu cür səfərlər əməkdaşlığın perspektivləri barədə dialoq aparmaq üçün yaxşı imkan yaradır.
Spiker belə bir fikri ifadə etdi ki, bu gün təhlükəsizliyə və inkişafa böyük maneə törədən ATƏT ərazisindəki münaqişələrin həlli, zənnimizcə, təşkilatın gündəliyində duran prioritet məsələlərdən biri olmalıdır. ATƏT-in Minsk qrupu uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldur. Təəssüf ki, Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi, ümumilikdə ATƏT-in nüfuzuna xələl gətirir, Minsk qrupuna olan güvəni sarsıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt aparılan danışıqların mövzusu olmayıb və bundan sonra da olmayacaqdır.
Söhbətdə bildirildi ki, sürətlə inkişaf edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri, o cümlədən TANAP və TAP kimi qaz layihələri buna parlaq misaldır. Sədr vurğuladı ki, ölkəmiz keçən il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi ilə daha bir tarixi uğura imza atdı. Ölkəmiz Böyük İpək Yolunun mühüm hissəsini təşkil edən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, bu istiqamətlərdə yerləşən nəqliyyat marşrutlarının inkişafı üçün əməli addımlar atır.
Qəbulda Spiker belə bir fikri vurğuladı ki, müstəqil Azərbaycan təkcə ATƏT-lə deyil, nüfuzlu Avropa qurumları, o cümlədən Avropa İttifaqı ilə də əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi səfir Rudolf Mihalka ölkəmizə səfərindən və Milli Məclisdə olmağından məmnun qaldığını söylədi. O, Azərbaycanın müstəqilliyinin elan olunduğu binada parlament sədri ilə keçirilən görüşü müsbət dəyərləndirdi, ünvanına söylənən xoş arzular üçün təşəkkürünü ifadə etdi.
Rudolf Mihalka bildirdi ki, bölgə həqiqətləri ilə yaxından tanış olan bir siyasətçi kimi Cənubi Qafqazdakı mövcud münaqişələrin nizama salınması istiqamətində səylərini əsirgəməyəcəkdir. Səfərdə məqsəd regionda baş verən proseslər və gələcəkdə atılacaq addımlar barədə tərəflərlə fikir mübadiləsi aparmaqdır.
Qonaq təmsil etdiyi qurumun Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini, gələcəkdə əlaqələri daha da dərinləşdirmək niyyətində olduğunu dedi.
Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
.
