"Fərqlilər” layihəsinin bugünkü qonağı Türkiyənin məşhur aktrisası Nəbahat Çehrədir. O, Azərbaycanda daha çox "Möhtəşəm yüz il” serialında Validə Sultan və "Aşkı-memnu” serialında baş rolda çıxış edən Beren Saatın (Bihtərin) anası obrazları ilə tanınır.
Nəbahat Çehrənin Admiral.az-a verdiyi müsahibəni təqdim edirik:
- Nəbahat xanım, sizi təkcə Türkiyədə yox, Azərbaycanda da sevərək izləyirlər. Hətta Azərbaycanda bir filmə çəkilmisiniz. Əvvəlcə öz uğurlarınız və Yılmaz Güneylə evliliyinizdən danışın, zəhmət olmasa.
- Sizləri salamlayıram. Mən Azərbaycanda "Qanlı Yanvar” filminin qəhrəmanı rolunda çəkilmişəm, buna görə qürur duyuram. Qardaş ölkənin ən ağrılı tərəfinin xalqa çatdırılmasında bir zərrə əməyim varsa, xoşbəxtəm... Özüm haqda danışmaq mənə həm asan, həm çətindir, amma bu günlərdə xəstəyəm deyə, qısaca da olsa danışım. Mən çoxuşaqlı ailədə dünyaya gəlmişəm. Ailəm mən uşaqkən İstanbula köçüb və həyatım sanki buradan başlayıb. Uğurlara, dostluqlara, həyat eşqinə doymayan biriyəm. Buna görə də gənc yaşlarımdan bəri uğurlarım həmişə olub. 1961-ci ildə "Yaban Gülüm” filmi ilə ilk dəfə səhnəyə qədəm qoymuşam. 1962-ci ildə "Naməlum yerə gedənlər” və "Acı həyat”, 1963-ci ildə "İki vətən qadın” kimi bir çox filmində rol almışam.
Yılmaz Güneylə isə "Kamalı Zeybek” filminin çəkilişlərində tanış olduq və qısa zamanda 30 Yanvar 1967-ci ildə evləndik, amma təəssüflər olsun ki, 24 Aprel 1968-ci ildə boşandıq. 1970-ci ildə müğənni kimi fəaliyyətim oldu... Həmin vaxtı Sezən Aksunun musiqisi olan "Bükük-bükük” adlı mahnı ilə sevdiklərimdən dəstək aldım. 1976-ci ildə ikinci evliliyim oldu. Keçmiş qalatasaraylı milli basketbolçu Yavuz Dəmirlə evləndim. Bu evlilik də alınmadı,1979-cu ildə boşandıq.
Mən 2000-ci ildə yenidən böyük populyarlıq əldə etdim və "İyun gecəsi”, "Candan uzaq”, "Aşkı-memnu” kimi seriallarla gənc nəslin sevgisini qazandım. 2012-2014-ci illər arasında yayımlanan "Möhtəşəm yüz il” adlı tarixi serialda Validə Sultan obrazını canlandırmışam.
Ümumilikdə, 120 filmə çəkilmişəm. Uğurlarımı Allahıma, Yılmaz Güneyə, özümə borcluyam. Bizim gənclik dövrümüzdə uğur qazana bilmək çox çətin idi, amma uğur qazanmaq asan olmamalıdır. Mən şəxsən bu yerə gəlib çıxmaq üçün bütün həyatımı xərcləmişəm. Bildiyiniz kimi, xeyli filmlərim, seriallarım, mükafatlarım da var. Qaldı ki, Yılmaz bəyə, o, mənim hər şeyim olub. Əlimdən tutub yeriməyi, həyata baxışlarımı və bugünkü Nəbahat olmağımın memarıdır. Yılmaz tanıdığım ən möhtəşəm insan, aktyor, rejissor, həyat yoldaşı, ailə başçısıdır. Onun dünyaya baxışı bir başqa idi. Hər kəsdən fərqli idi. Onun çəkdiyi ən adi bir film belə uğurlu alınırdı.
Yılmazın açıq-qəhvəyi, qıyıq, gözəl gözləri var idi. Gülər üzlü olsa da, sərt baxışlı idi. Oynadığı obrazlara uyğun sifət ifadəsi var idi. Çox yaraşıqlı bir adam idi, şəkillərdəki kimi deyildi. Bizim onunla sevgimiz də, ehtirasımız da fərqli idi. Onunla evlilik möhtəşəm olduğu qədər də çətin idi, amma hər şeyə rəğmən onu tam varlığımla sevirdim! Yılmaz məni həyata bağladı, kamilləşdirdi və aktyorluq dərəcəsinə çatdırdı. Onunla çox ehtiraslı sevgimiz olub.
- Bəs bu qədər sevgi ilə yaşayırdınızsa, niyə boşandınız?
- Bilirsiniz, bu suala cavab vermək istəmirəm, amma bu məsələlər, sevgi ilə olmur. Həyat qəddardır və kimin sabah nə olacağı bilinmir. Bizdə bu kimsələrdən biri idik və ayrıldıq. Mənim həyatımda tək ayrılıq deyil bu. Amma ən əsası bu gün mənim onu necə xatırlamağımdır. Məsələn, mən ikinci evliliyimdə də boşanma olub. Bilirsiniz, kişilər mühafizəkar qadın sevib, utancaq qadın istəyirlər, asan əldə edilən şeyləri istəmirlər. O vaxtı bizim abrımız yerində idi, özümüzü ucuz tutmurduq. İndikilər həmin dəqiqə onların dalınca gələn bəyə üz verir. Məsələn, mənim ikinci yoldaşım il yarım yanımda gəzib, əlimi tutub, amma bir dəfə də olsa, mənə toxunmayıb. Əslində, bu qarşılıqlı əxlaqa söykənirdi. Allah kimə nə yazıbsa, onu da yaşayır. Əgər Yılmazı tanımasaydım, yenə də aktrisa olacaqdım, amma bu qədər uğurlu olmazdım yəqin. O, mənim həyatıma rəng qatıb, mənim mən olmağımda böyük rol oynayıb. Mən ev xanımı da olardım, özü də sərt mühafizəkar olduğuma görə, uşaqlarımıza da məsuliyyətli ana sifəti ilə yanaşardım. 1994-cü ildən həyatımda heç kəs yoxdur. Gözəl bir eşq yaşadım, sevdim, amma bitdikdən sonra qarşıma mənə təsir edəcək bir adam çıxmadı. İndi ən böyük xəyalım Amerikaya getməkdir. 21 yaşımda bir dəfə getmişdim, gözəllik müsabiqəsi üçün.
- Siz bahalı həyat tərzinə maraqlısınız, yoxsa hər kəs kimi yaşamağı, geyinməyi sevirsiniz? Sizin çox gözəl olduğunuzu hər kəs bilir və bunun sirrini bilmək istəyirlər. Siz bu gözəlliyi necə saxlayırsınız?
- Sualınıza görə təşəkkür edirəm. Onu deyim ki, mənim anam heç vaxt kremlərdən istifadə etmir, amma vücud dərisi mənimkindən də cavan və gözəldir. Əslində, mən özümə çox da qayğı göstərmirəm, sadəcə insanın içi gözəl olanda bu çölünə də büruzə verir. Cavan qalmağımın tək səbəbi Allahdır, amma yaşımla bağlı kompleksim yoxdur. Məsələn, mən heç idman etmirəm. Bir ara tennis oynadım, amma gün altında çox qaldığım üçün huşumu itirmişdim, vaz keçdim. Yürüş etməyə çalışıram, amma vaxt tapsam.
- Türk kinosunun bugünkü vəziyyəti sizi qane edirmi? İmkanlı, gözəl, qadın rolları ilə deyil, adi bir qadın rolu üçün təklif gəlsə, çəkilərsiniz?
- Qətiyyən bu tip qadınlar mənim seçimim deyil. Kaş ki, fərqli rol təklifləri gəlsə. Bir aktrisaya ediləcək ən böyük pislik bu olar məncə! Artıq özümü təkrar etmək istəmirəm. "Yeni həyat” deyə bir filmim vardı, gecəqonduda yaşayan bir qadını oynayırdım, çox sevə-sevə oynadım. Artıq bu qadın tipini oynamaq istəmirəm, "Nəbahat xanım başqa rol gözləməyin, alternativiniz yoxdur”, - deyirlər. Ölkənizdə bir filmə çəkildim, həmin filmdə iki uşağı olan, namaz qılan bir ananı canlandırdım, çox fərqli bir rol idi. Çox həvəslə çəkildim ora, başda qeyd etdiyim kimi buna görə qürurluyam. Bəli, bu gün Türkiyədə müəyyən işlər görülür, ancaq hələ də film çəkmək üçün sponsor tapa bilməyənlər var. O vaxt kinolar çox ağır şərtlərdə çəkilirdi. Məsələn, bugünkü komediya filmləri də, ciddi filmlər də tam fərqlidir. Söz yox ki, bu çəkilənlərin çoxuna baxmıram, amma Türkiyəyə yeni nəsillə, yeni nəfəs, yeni baxış gəldi. Bu günümüzün təlabatı budur. Məncə, hər şey lazımdır, ancaq ucuz, asan, keyfiyyətsiz işlərdən qaçmalıyıq. Özümüzü aldatmamalıyıq. Türkiyənin ən layiqli filmlərə, ədəbiyyatçılara, aktyorlara ehiyacı var. Bizim dünənimizdə Yılmaz Güneyimiz, Ativ Yılmazımız, Münir Özkulumuz, Kamal Sunalımız, İlyas Salmanımız, Şənər Şənimiz, Kadir İnanırımız, Kartal Tibetimiz, Əziz Nesinimiz, Nazim Hikmətimiz, bir sözlə, incəsənətin hər nöqtəsindən böyüklərimiz olub və olmalıdır da. Nazim Hikmətin bir sözü var: "Mən anamın məndən sonra doğacağı övladından geridəyəm”. Bizim o vaxt dünyaya çıxışımız yox idi, amma indi var. Lakin o vaxtkı səviyyə indi yoxdur. Bir sözlə, şərtlər, şəxslər, zövqlər çox dəyişdi...
- Bu illər ərzində çox pul qazanmısınız? Daha çox hansı istiqamətə pul xərcləyirsiniz?
- "Yeşılçam” dövründə çox əziyyət çəkdik. Heç pulumuz yox idi. 70-ci illərdə vəziyyət dəyişdi. Səhnə təklifləri gəldi. Ev kirayəsini belə çətin verdiyim bir vaxtda Zəki Müren dedi ki, "Qızım, sən çox bacarıqlısan, niyə çıxmırsan səhnəyə?” Sonra qərar verdim və səhnəyə çıxmağa dəvət etdilər. Dərs aldım, səhnəyə çıxdım. Mövqeyim də çox yaxşıdır. Tam səkkiz il sürdü səhnə həyatım. Orada qazandığım pulla bir ev aldım. Boğaz ayağımın altında idi. Bütün kapitalımı o pulla etdim, mənzillər aldım. Sıxıntıya düşəndə o sevdiyim mənzilimi satdım. Problemlərimi həll etdim. Mən bu gün hər qiymətə olan ətiri də vururam, paltarı da geyinirəm, amma baş tacım sadəliyimdir.
- Tanınmışlardan idealınız kim olub?
- Uşaqlıqda xatırladığım Lana Turner var, anamın tərzini da ona bənzədərdim. Bizdə də Nəriman Köksal var, çox gözəl, basdığı yeri titrədən bir qadın idi... Əslində ideal kimsə yoxdur...
- Dünya və türk ədəbiyyatından kimləri bəyənir, oxuyursunuz? Sizcə, bir yazıçı, aktyor necə olmalıdır? Məsələn, Ancelina Coli bütün dünyada kimsəsizlərin anası kimi tanınır, durmadan yardımlar edir, insanlarla yaxından maraqlanır. Bəs niyə Türkiyədə, türk ölkələrində belə biri yoxdur?
- Məncə, hər kəs özü kimi olmalıdır. Qaldı ki ədəbiyyatçılara, Əziz Nesin, Orxan Pamuk, Yaşar Kamal, Əlif Şəfəq və çoxları var. Mən bu dəqiqə yataqdayam, çox danışa bilmirəm, üzrlü sayın. Azərbaycan və onun jurnalistləri mənim üçün əzizdir. İnanıram ki, müsahibəmiz uğurlu alınıb. Sevgiylə, hörmətlə qalın.
.