"Biz Yeni ili toz-torpağın, palçığın içində qarşıladıq”.
Bunu "Sovetski” sakini Leyla Quliyeva deyir. O şikayətlənir ki, keçən ildən sökülən və elə söknütüsü də yarımçıq qalan evlər ətrafı xarabalığa çevirib.
"Dəqiq bilmirik nə məsələdir, amma deyirdilər ki, yol keçəcək. Heç nə olmadı, əksinə, xarabalığa çevirdilər. Evlərin yarısı sökülüb, zir-zibili qalıb küçədə. Ümumi görünüşün pozulmağı bir yana, söküntünün tozu-torpağı hamısı evimizin içindədir” - L.Quliyeva məhəllə sakinlərinin dərdini virtualaz.org saytına danışır.
Leyla xanım deyir ki, onunla oxşar vəziyyət olan "Sovetski” sakini çoxdur. Demək olar ki, elə bütün "Sovetski” oxşar vəziyyətdədir: "Sakinlərin çoxu hələ də buradan köçüb getmək istəmir. Səbəbsə təkcə yaşadıqları yerə bağlılıq deyil. Mənim yaşadığım evin sahəsi 22 kvadratmetrdir, 4 nəfər yaşayırıq. 28 yaşında oğlum var, o evlənməlidir, ona görə gərək ayrı ev də olsun. 22 kvadratmetr evə nə qədər pul verəcəklər ki, mən də ev ala bilim? Ona görə bir növ məcburuq bu şəraitdə yaşamağa”.
L.Quliyevadan onu da öyrənirik ki, ərazidə söküntü işlərindən sonra qaz verilişində də problem yaranıb. Belə ehtimal edirlər ki, söküntü işləri gedən zaman qaz xətləri zədələnib: "Əvvəllər bizdə qaz problemi olmurdu, evlər söküləndən sonra qaz azalıb. Qışın soyuğunda bu problemlə də əlləşirik”.
Bütün küçə boyu oxşar mənzərənin şahidi oluruq. Yarımçıq sökülmüş evlər, palçıq və ətrafı bombalanmış küçələrə bənzəyən xarabalıq. Ətrafda üzdə təbəssüm yaradan yeganə şey evlərin yarı sökülmüş divarlarındakı şeirlər, maraqlı şüarlardır.
Sökülmüş evlərin arasında rastımıza çıxan daha bir "Sovetski” sakini - Ramiz Həsənov da vəziyyətlə maraqlandığımızı görüb şikayətlənməyə başlayır: "İşləri yarımçıq qoyub, bizim şəraitimizi daha da pisləşdiriblər. Evimiz 50 kvadratmetrdir, 3 ailə bir yerdə yaşayırıq, bir yandan da hər yeri xarabaya çeviriblər. İstəsək də başqa yerə köçə bilmirik. Bu evə verilən pulla 3 ailəyə ev almaq mümkün deyil”.
Yarımçıq qoyulan işlər, ətrafın bərbad hala düşməsi hamının işini çətinləşdirib. Evlər üçün ödənən pulun da çoxunu qane etməməsi adamları bu şəraitdə yaşamağa vadar edir.
Sakinlərin bir çoxu ilə söhbətimizdə oxşar fikri eşitdik: buradakıların əksəriyyəti azı 20-30-40 ildir şəhərin mərkəzində yaşayan adamlardır, indi onlar gedib şəhərdən uzaqda necə yaşasın, ya da burada söküntünün, tozun-palçığın içində necə dözsün?!
Virtualaz.org
.
