İki aya yaxındır ki, Masallı rayonunun Ərkivan qəsəbəsinə hər gün saat 22.00-dan səhər saat 8.00-dək qaz verilişi dayandırılır.
Kənd sakinləri şikayətlərində bildirirlər ki, ancaq səhər saatlarında qəsəbəyə qaz verilişi bərpa olunur. Bu zaman bir müddət qızdırıcılara ancaq boş hava kütləsi axıdılır, Nəticədə sayğaclar 10-15 dəqiqə qaz olmadan işləyir. Nəhayət bundan sonra mavi yanacaq öz yerini tutur. Buna görə də əhali qaz sərfiyyatı olmadan pul ödəməli olur.
Bu barədə əhali tərəfindən "Azəriqaz” istehsalat birliyinin Lənkəran regional idarəsinə, Masallı qaz istismarı sahəsinə, "Azəriqaz”ın qaynar xəttinə dəfələrlə müraciətlər edib. Vəziyyətsə dəyişməz olaraq qalıb.
Şikayətçilərin sözlərinə görə, əhali gecələr qaz verilişinin dayandırılmasına görə həm də bədbəxt hadisələrin, insan ölümünün baş verə biləcəyi təhlükəsinin şokunu yaşayır. Çünki məlumdur ki, heç kim qaz kütləsinin tez-tez verilib-kəsilməsi zamanı bədbəxt hadisələrin yaşanması hallarından heç zaman sığortalanmayıb.
Ona görə də onlar bu məsuliyyəti daşıyacaq "Azəriqaz” istehsalat birliyinin məsələyə adekvat münasibətini və konkret tədbirlərini həyəcanla gözləyirlər.
Məsələni diqqətdə saxlayacağıq.
Yenizaman.az
.
