Ekspertlər Tarif Şurasının qərarının yoxsulluğu və gərginliyi artıracağını pronqozlaşdırırlar
Natiq Cəfərli: «Gözlə görünə biləcək bütün sahələrdə qiymət artımı qaçılmazdır»

Qubad İbadoğlu:  «Azərbaycan hökümətinə islahat deyəndə yalnız qiymət artımını başa düşür»

Tarif Şurasının 28 noyabr qərarı ilə təbii qazın pərakəndə satış qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi istehsalı müəssisələri üzrə təbii qazın qiyməti min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

Elektrik enerjisinin isə bir kilovat-saat üçün topdansatış qiyməti 5,7 qəpik təsdiq edilib. Pərakəndə satış qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış qiyməti 9 qəpik səviyyəsində təsdiq edilib.

Bəs kommunal xidmətlərdə olan bahalaşma hansı sahələrdə qiymətlərin yüksəlməsinə səbəb olacaq? Artımlar ölkənin ixrac potensialına necə təsir göstərəcək? 

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında bildirdi ki, onsuzda yerli istehsal çox zəifdir və bir çox sahələrdə hökumət yeni bazarlara girməyi indi planlaşdırır: "Elektrik enerjisinin, qazın qiymətinin qalxması ixrac məhsullarının maya dəyərinin artması ilə nəticələnəcək. Təbii ki, maya dəyəri artarsa, qiyməti də artmalıdır. Bu da yerli məhsulların rəqabət qabiliyyətini azaldır. Yeni xarici bazara çıxan ölkə həmişə müəyyən müddət hətta itkiləri göz qabağına alır ki, bazarada yer tuta bilsin. Azərbaycan yenidən dünya bazaralarına çıxmaq istəyirsə, mütləq həm məhsullarının keyfiyyətini yüksəltməklə yanaşı həm də qiymətini kifayət qədər aşağı səviyyədə deməlidir. Çünki Azərbaycanın ixrac potensialı olan sahələrdə çox amansız bir rəqabət mühiti var dünyada. Əsas bizdə kənd təsərrüfatı, aqrosənaye məhsulları istehsal olunur ki, bu sahələrdə dünyada böyük rəqabət var. Əgər qiymətlər yüksək olsa, keyfiyyətdə axsasaq, heç bir bazarada yer tuta bilməyəcəyik. Ona görə də enerji daşıyıcılarının bahalaşması ən azından malların bahalaşmasına səbəb olacaq ki, bu da xarici bazarlara çıxmaq üçün heç də yaxşı addım deyil”.

N.Cəfərlinin sözlərinə görə, Tarif Şurasının məlum qərarından sonra bir çox sahələrdə qiymətlərin artması müşahidə olunacaq: "Təbii inhisarlarda, dövlətin nəzarətində olan sahələrdən söhbət gedirsə, çox güman, dəmiryol həm yük, həm də sərnişin daşımalarının qiyməti artacaq. Nəqliyyat qiymətləri- metro və avtobus xidmətlərinin qiymətlərində artım olacaq. Bu proses zəncirvari formada dövlətin nəzarətində olmayan sahələrə də təsir göstərəcək. Kiçik sahibkarlara, retoranlara, kafelərə, xırda istehsal yerlərinə, çörəkdən tutmuş şirniyyata, əsasən də istixanalarda yetişdirilən məhsulların qiymətinə təsir göstərəcək. Çünki istixanalarda elektrik enerjisindən və qazdan kifayət qədər çox istifadə olunur. Demək olar ki, gözlə görünə biləcək bütün sahələrdə qiymət artımı təəssüf ki, qaçınılmazdır”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, dünyada "Black Friday” qiymət endirimlərinin davam etdiyi günlərdə Azərbaycanda elektrik enerjisi, təbii qazın tariflərinin qaldırılması nə qədər təzadlı görsənsə də Azərbaycanda böyük bahalaşmaya start verilib: "Əslində Tarif Şurasının differsial yanaşması və optimal qiymət siyasəti həm iqtisadi və həm də sosial aspektlərinə görə ciddi tənqidə layiqdir. Əvvala, Tarif Şurasının yanaşması differensial deyil, ikili tarif yanaşmasıdır. Diferensiallıq çox sayda müxtəliflik deməkdir. Belə müxtəliflik adətən gecə və gündüz, iqisadiyyatın sahələri və ev təsərrüfatları, eləcə də adambaşına istehlakın normalar üzrə fərqli tariflərlə ifadə olunur. Azərbaycanda isə saat qurşağını belə düzgün seçə bilməyən hökümət (hazırda havann işıqlanması səhər saat 7.30-dan sonra başlayır) məqsədli şəkildə əhalini elektrik enerjisindən istifadəyə sövq edir. Diğər tərəfdən Tarif Şurasının son qərarı ilə əhali qrupu üzrə istehlakçılar üçün fərqləndirici səviyyənin 1 sayğaca görə 250 kilovat saat müəyyən edilməsi də iqtisadi cəhətdən əsaslandırılmayıb. Belə ki, bir çox ölkələrdə belə fərqləndirmə ailə üzvlərinin sayına müvafiq olaraq həyata keçirilir. Burda təbii ki, başlıca məqsəd aztəminatlı əhalinin sosial vəziyyətini ağırlaşmasının qarşısını almaqdır”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda tətbiq edilən norma 1 nəfərlik ailənin minimal istehlak normasına uyğun gəlsə də, ailə üzvlərinin sayı 2 və ondan çox olanların ən minimal ehtiyaclarını belə ödəmir: "Hətta, məcburi köçkünlər üçün adambaşına norma yay aylarında 100 kilovatt, qış aylarında isə 200 kilovat, orta hesabla isə 150 kilovatt müəyyən edilib. Yeri gəlmişkən onu da qeyd edim ki, 2017-ci ilin büdcəsindən «Qaçqınkom» vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi üçün ayrılacaq vəsait bu il üçün olandan 47,1 milyon manat və ya 21 faiz az proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, gələn il məcburi köçkünlər üçün kommunal və digər xidmət haqları (elektrik enerjisi, təbii qaz, içməli su) güzəştləri də ləğv edilə və ya azaldıla bilər. Məcburi köçkünlər üçün uzun illərdir ki, tətbiq olunan normanı əsas götürərək Tarif Şurası elektrik enerjisinin tarif fərqləndirilməsi zamanı fərqləndirici normanı ailə başına deyil, adambaşına uyğunlaşdırmalı idi. Azərbaycanda orta statistik ailənin 4,5 nəfər olduğunu nəzərə alanda aylq norma belə differensialladırılmalı idi: 1 nəfərlik ailə üçün 250 kilovatt, 2 nəfərlik ailə üçün 300 kilovatt, 3 nəfərlik ailə üçün 450 kilovatt, 4 nəfərlik ailə üçün 600 kilovatt, nəhayət 5 və ondan çox üzvləri olan ailə üçün 750 kilovat” .

Q.İbadoğlu müqayisə üçün qeyd edib ki, Qırğızıstanda üzvlərinin sayından asılı olmayaraq 1 ailə üçün minimal tarif ayda 700 kilovattdır, Türkmənistanda hər ay adambaşına 35 kilovatt, 1 ailə üçün minimal olaraq isə 100 kilovatt elektrik enerjisi pulsuz verilir: "Onu da əlavə edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir. Fikrimcə, Tarif Şurasının son qərarı aşağıdakı fəsadlara səbəb olacaq. Birincisi, yoxsulların sayı artacaq. Ev təsərrüfatlarının büdcə müayinəsi göstərir ki, ailədə uşaqların sayı artdıqca yoxsulluq səviyyəsi daha da dərinləşir. Belə olan halda əslinə ölkədə aztəminatlı təbəqələr əsasən ailə üzvlərinin sayı çox olanlar sayılır. Tarif Şurasının son qərarı isə bu mühüm sosial aspekti nəzərə almadan verildiyindən ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayının sürətlə artımı müşahidə olunacaq. İkincisi, elektrik enerjisinin yığım səviyyəsi aşağı düşəcək. Qısa müddətli dövrdə yığım səviyyəsi sabit qalsa da, orta və uzun müddətli dövrdə elektrik enerjisinə görə boclu olan abonentlərin sayı artacaq. Bu isə satışı həyata keçirən qurumlarla əhali və qeyri-əhali qrupları arasına konfliktlər yaradacaq. Üçüncüsü, əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxışı pisləşəcək. Müasir məişət (qab yuyan, paltar yuyan və qurudan və s. ) və elektron (televezor, radio, kompyuter və s.) avadanlıqların istifadə səviyyəsinin aşağı düşməsi nəticəsində ev təsərüfatlarında sosial-iqtisadi tərəqqinin nəticələrindən bəhrələnmək səviyyəsi aşağı düşəcək”. 
Qubad İbadoğlu daha sonra qeyd edib ki, bundan başqa inflyasiya səviyyəsi yüksələcək. «Eyni və digər bazarlarda qarşılqlı təsirlərdən və xərclərin artmasında qaynaqlanan faktorlar qiymətləri sürətlə bahalaşdıracaq. Qiymət artımı əvvəlcə elektrik enerji və qaz sərfiyyatı yüksək olan çörək bişirmə, qənnadı, emal, poladəritmə və digər müəssisələrinin məhsullarını, eləcə də dəmiryolu, metro nəqliyyatının xidmətlərini bahalaşdırcaq. Ümumi qiymət səviyyəsi artdıqca, mobil rabitə xidmətlərindən tutumuş hotel xidmətlərinədək müxtəlif sahələrdə bahalaşma müşahidə olunacaq. Sosial narazılıq artacaq. Düzgün olmayan differensiallaşdırma siyasəti sosial vəziyyətdən narazı qalanların əhatə dairəsini genişləndirəcək. İndi belələrinin sırasına diffensiallaşdırılmanın neqativ təsirlərinə məruz qalanlar da qoşulacaq. Yekun olaraq onu da qeyd etmək istərdim ki, elektrik enerjisinin qiymətinin bahalaşdırılması Asiya İnkişaf Bankı və Azərbaycan hökuməti ölkənin enerji paylama şəbəkəsinin bərpası və genişləndirilməsi məqsədilə 1 milyard dollar məbləğində investisiya proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən biri hesab oluna bilər. Çünki, bu məqsədlə imzalanan anlaşma memorandumunda müvafiq qrurumlar qarşısına enerji bölməsində islahatarın aparılması tələbi qoyulub. Azərbaycan hökümətinə isə islahat deyəndə yalnız qiymət artımını başa düşür” - deyə ekspert qeyd edib.
.