
Virtualaz.org saytı xəbər verir ki, prezident Pyotr Poroşenko martın 20-də gecə avtomatla silahlanmış şəxslərin müşaiyəti ilə "Ukrtransnafta” şirkətinin ofisinə basqın etməsinə və "Azadlıq” radiosunun müxbirini söyməsinə görə ona töhmət elan edib.
Buna cavab olaraq Kolomoyski ona mıxsus olan "Privatbank”da Poroşenkonun 50 milyon dollarlıq hesabını dondurub. Bankda hesabların dondurulmasını "texniki problemlə” izah etsələr də heç kim şübhə etmir ki, Kolomoyski Ukrayna prezidentinin töhmətinə və "Ukrtransnafta”nı onun əlindən almaq cəhdlərinə cavab verir.
Xatırladaq ki, Ukraynanın magistral neft kəmərləri operatoru olan "Ukrtransnafta” dövlət müəssəsi hesab olunsa da ona faktiki olaraq Kolomoyski nəzarət edirdi. Şirkətin rəhbəri Aleksandr Lazarko martın 19-da şirkətin müşahidə şurasının qərarı ilə işdən azad edilib. Onun yerinə müvəqqəti olaraq Yuri Miroşnik təyin edilib. Miroşnik şirkətə avtomatlıların müşaiyəti ilə gəlib, Lazarkonun mühafizəçiləri isə onu şirkətə buraxmaq istəməyib. Daha sonra Kolomoyski avtomatlıların müşaiyəti ilə şirkətin ofisinə gəlib. Oliqarx bildirib ki, şirkəti reyder üsulu ilə ələ keçirmək istəyirlər və bu cəhdin arxasında prezident administrasiyası dayanır.
KİV-lər isə xəbər verir ki, Lazarkonun vəzifədən uzaqlaşdırılmasının təşəbbüskarı Ukraynanın Energetika Nazirliyidir. Onu texnoloji neftin saxlanılması xərclərini şişirtməkdə ittiham edirlər. Lazarko isə bu ittihamları qəbul etmir.
Bu arada "Bloomberg” agentliyi yazır ki, Ukraynada baş verənlər oliqarxların müharibəsidir və bu müharibənin nəticələri ölkə üçün pis olacaq. Ötən ilin yanvarında Kiyevdə yüzlərlə adamın həyatı bahasına başa gələn inqilabın əsas məqsədlərindən biri milyarderlərin hakimiyyətinə son qoymaq idi. Lakin belə görünür ki, oliqarxların bir çoxu hələ də hakimiyyətdə qalırlar. Və indi onlar yenidən köhnə vərdişlərinə əl atıblar..