Ölümcül vəziyyətdə olan xəstələrə Azərbaycan səhiyyəsində sahib duran yoxdurmu?
Yenizaman.az-a redaksiyanın əməkdaşı Məzahir Məmmədlinin verdiyi məlumata görə, onun yaxın qohumu Gülalıyev Rəşad Ağagül oğlu Şamaxı rayonundan ağır vəziyyətdə Respublika Xəstəxanasına çatdırılıb. Lakin həkimlər adıçəkilən xəstəxanada xəstəni qəbul etmək istəmirlər. Hal-hazırda xəstə ölümcül vəziyyətdə xəstəxananın qarşısında fəryad edir. Amma həkimlər onun həyatını xilas etmək üçün heç bir tədbir görmək istəmirlər. Sanki fəryadı ərşə çəkilən xəstənin ölümünü gözləyirlər.
Bundan əlavə Məzahir Məmmədlinin bildirdiyinə görə, gün ərzində Səhiyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlamaq cəhdləri də yaranmış problemin həllində bir nəticə verməyib. Səbəb isə qaynar xəttin ümumiyyətlə işləməməsi olub. Deyilənlərin həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün redaksiyamızın digər əməkdaşları da mütəmadi olaraq nazirliyin qaynar xəttilə əlaqə saxlamağa çalışıb. Məlum olub ki, həqiqətən də nazirliyin qaynar xətti eləcə imitasiya xatirinə fəaliyyət göstərirmiş...
Yenizaman.az
