ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə dünən axşam Peruda keçirdiyi görüşü barədə danışıb. 
 
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bununla bağlı Ağ Evdə keçirdiyi mətbuat konfrasında məlumat verib. Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı jurnalsitin verdiyi sualı cavablandıran Obama deyib ki, Putinlə bu məsələ müzakirə edilməyib: "Biz gələcək perspektivlərlə bağlı fikirlərimizi bölüşdük. Beynəlxalq məsələləri müzakirə etdik. Danışıqlar əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Mən ona Rusiya və Bəşər Əsəd qüvvələrinə məxsus qırıcıların Suriyada törətdiyi hadisələrdən narahat olduğumuzu bildirdim. Suriyada siyasi keçidin vacibliyini vurğuladım. Bundan başqa, Ukrayna böhranını və Minsk öhdəliklərinin yerinə yetirilməsini müzakirə etdik. Mən istərdim ki, Minsk danışıqlarında tərəflərin üzərinə götürdüyü öhdəliklər prezidentlik dövrüm başa çatana kimi yerinə yetirilsin".
 
ABŞ prezidenti Rusiya və Çini beynəlxalq məsələlərə qarşı laqeydlikdə ittiham edib: "Biz bütün məsələləri həll edə bilmərik. Ancaq ABŞ hər hansı məsələyə müdaxilə etməsə, hər şey dağılacaq. ABŞ, həqiqətən, dünya çapında əvəzolunmaz dövlətdir. Başqa vacib ölkələr də var. Çin Paris iqlim sazişinin 200 ölkə tərəfindən imzalamasına nail ola bilmədi. Rusiya da çox güclü dövlətdir. Ancaq o, Haitidəki fırtınadan sonra bu ölkəyə yardım etmir, biz edirik". 

Obama Suriya böhranı ilə bağlı fikirlərini bölüşüb: "Mən Suriya böhranının qısa müddətdə həlli ilə bağlı heç bir nikbin fikir söyləyə bilmərəm. Rusiya və İranın Suriya prezidenti Bəşər Əsədə olan dəstəyi suriyalı müxaliflərin hərəkətini çətinləşdirir. Şübhə yoxdur ki, Suriyada və İraqda ekstremizm bir müddət qalacaq. Ancaq terrorçuların liderini öldürmək mümkündür. Necə ki, Əfqanıstanda "Taliban" və "Əl Qaidə" liderləri öldürülüb".

Barak Obama prezidentlik dövrü başa çatdıqdan sonra ilk işinin nə olacağı ilə bağlı jurnalistin sualını da cavablandırıb: "Mənim ilk işim həyat yoldaşım Mişellə tətilə getmək olacaq. Mən bir neçə ay ailəmlə istirahət etmək fikrindəyəm".

Yenizaman.az
.