
Rusiya müharibədən öncə ilə 100 tank istehsal edə bilirdisə, indi isə bu rəqəm 200-dür.
Bu barədə “New-York Times” nəşrində dərc edilmiş araşdırma yazısında bildirilib. Qeyd olunub ki, Rusiya Qərbin tətbiq etdiyi sanksiyaların və ixrac nəzarətinin öhdəsindən gələ bilib və artıq raket istehsalını müharibədən əvvəlki səviyyəyə qaldırıb.
Məqalədə qeyd olunub ki, Moskva ABŞ-ın ixrac nəzarətini öz kəşfiyyat şəbəkəsindən istifadə edərək dəf edib və Rusiya müdafiə nazirliyi raket istehsalı üçün vacib komponentlərin qaçaq yolla Rusiyaya daşınmasında qanunsuz şəbəkəni idarə edir.
Əlavə olunub ki, Rusiya bir ildən də az bir müddət ərzində Ermənistan, Türkiyə kimi ölkələr vasitəsilə vacib komponentlərin əldə edilməsi üçün ticarət şəbəkəsi yaradıb.
Məqalədə qeyd edilib ki, Qərb Ukraynanı qabaqcıl HHM sistemləri ilə təmin etsə də Kiyevin öz ərazisini tam mühafizə edəcək sayda sistemə malik deyil. Bu baxımdan, Rusiyanın çoxsaylı raket hücumu Ukraynanın hava müdafiəsini yara bilər.
Qərb rəsmiləri Rusiyanın artilleriya mərmiləri istehsalını da illik iki milyon ədədə çatdırmaq istiqamətində irəlilədiyini bildirirlər. Bu isə Qərb kəşfiyyatının təxminlərindən iki dəfə çoxdur.
Vurğulanıb ki, təzyiqlər nəticəsində Rusiya indi ABŞ və Avropadan daha çox sursat istehsal edir. Estoniya müdafiə nazirliyinin nümayəndəsi Kusti Salm Rusiyanın hazırkı sursat istehsalı həcminin Qərblə müqayisədə 7 dəfə çox olduğunu deyib.
Rusiyanın istehsal xərclərinin də Qərblə müqayisədə dəfələrlə az olduğu bildirilir. Qeyd olunub ki, buna səbəb Moskvanın daha ucuz sursat əldə etmək naminə təhlükəsizlik və keyfiyyəti qurban verməsidir. Nümunə olaraq göstərilib ki, Qərb ölkələrinin 155 mm-lik artilleriya mərmisi istehsal etməsi 5000-6000 dollara başa gəlir, Rusiya isə təxminən eyniçaaplı 152 mm-lik mərmini təxminən 600 dollara istehsal edir.
Bununla belə məqalədə Rusiyanın hələ də bəzi çatışmazlıqlarla üzləşdiyi, nəhəng raket inventarı olmadığı vurğulanıb.
Məqalədə Ukraynanın da artıq öz kritik infrastruktur obyektlərini daha yaxşı qoruduğu və elektrik stansiyaları ətrafında daha yaxşı müdafiə yaratdığı qeyd olunub.
.