![](/uploads/img/posts/2024/02/24/1jpeg-1708781045.jpeg)
Bu gün Azərbaycan mediasının tanınmış jurnalistlərindən biri, "APA Media Group"un baş redaktoru Nurşən Quliyevin 50 illik yubileyidir.
"APA Media Group"un yaradıcılarından olan Nurşən Quliyev ilk gündən bu şirkətin qurulmasında iştirak edib.
APA brendinin formalaşmasında və böyüməsində onun əvəzsiz rolu, böyük xidməti var.
Nurşən Quliyev Azərbaycan mediasının onlarla parlaq imzasının yetişməsində xidmət göstərib, bu gün də eyni fəaliyyəti davam etdirir.
Nurşən Quliyev tələbəlik illərində təhsilini yarımçıq qoyaraq, könüllü Qarabağ döyüşlərinə qatılıb, 4 il Vətənin müdafiəsində iştirak edib.
O, müharibə iştirakçısı kimi başladığı vətənpərvər fəaliyyəti daha sonra peşəkar olaraq mediada davam etdirib. "Üç nöqtə", "Xalq Cəbhəsi" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb, daha sonra APA İnformasiya Agentliyinin qurulmasında iştirak edib və son 20 ildə bu şirkətdə çalışıb. Biz şadıq ki, Nurşən Quliyevin bu gün şirkətimizin baş redaktoru kimi fəaliyyət göstərdiyini vurğulayırıq.
Nurşən Quliyev Azərbaycanın informasiya təminatında önəmli yer tutan APA-nın aparıcı siması kimi daim informasiya mübarizəsinin ön cəbhəsində olub və bu fəaliyyətini bu gün də davam etdirir.
Nurşən Quliyevin peşəkarlığı dövlət tərəfindən də qiymətləndirilib. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Dəyərli baş redaktorumuz üçün ən yaxşı hədiyyə isə rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə doğulub boya-başa çatdığı Malıbəylini, Xankəndini işğaldan azad etməsi xəbərini yaya bilmək idi. Bu il azad Xankəndidən yazdığı yazı yaradıcılığının ən yaxşı nümunələrindən biri oldu.
Nurşən Quliyevi yubiley yaşı münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, peşəkar fəaliyyətində uğur arzulayır.
Təbriklər, əziz müəllim, peşəkar jurnalist, sadiq dost!
Mətbuat Şurasının sədri Nurşən Quliyevi yubileyi münasibətilə təbrik edib
Mətbuat Şurasının sədri Rəşad Məcid “APA Media Group”un baş redaktoru Nurşən Quliyevi 50 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir ki, Nurşən Quliyev təvazökarlığı, prinsipiallığı, daim peşə təəssübünü çəkməsi ilə jurnalistikaya dəyər qazandıran, bu keyfiyyətləri ilə dostları, yaxınları arasında yüksək hörmətə layiq jurnalistdir.
“Yubilyar həm də jurnalistikanı vətənpərvərliklə vəhdətdə tutmaq bacarığı ilə fərqlənir. Əlamətdar haldır ki, onun 50 illiyi Xankəndinin, sözün əsl mənasında, Azərbaycana çevrildiyi bir vaxta təsadüf edir. Elə bilirəm, bu, Nurşən Quliyevin həyatının əlamətdar gününə ən gözəl hədiyyədir. Arzu edirəm ki, dostları, həmkarları Nurşənin növbəti yubileylərini doğulub boya-başa çatdığı Xankəndidə, Malıbəylidə keçirsinlər. Dəyərli həmkarımıza möhkəm can sağlığı, bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayıram. Ürəkdən təbriklər!”, - təbrikdə deyilir.
Qeyd edək ki bu gün “APA Media Group”un baş redaktoru Nurşən Quliyevin 50 yaşı tamam olur.