Vergilər Nazirliyi "Nurgün Group”un Babək prospektində yerləşən satış mərkəzlərini bağlayıb.
Şirkətə məxsus "İnfiniti”, "Renault”, "Nissan” və "Ford” markalı avtomobillərin satıldığı salonlar 3 gündür ki, möhürlənib. Səbəb kimi "Nurgün Motors”un vergini vaxtında ödəməməsi göstərilir.
"Nurgün Motors”un marketinq şöbəsindən bununla bağlı aznews.az saytına bildiriblər ki, satış mərkəzlərində təmir işləri aparıldığı üçün fəaliyyətini müvəqqətini dayandırıb: "Şirkətə məxsus avtosalonlarda profilaktik işlər görülür və bəzi təmir işləri aparılır. İşlər bitmək üzrədir. Salonların fəaliyyəti bu gün axşam saatlarından etibarən bərpa olunacaq”.
Lakin "Nurgün Motors”a aid olan böyük avtomobil salonlarının niyə hamısında eyni vaxtda təmir işlərinin aparılması sualına cavab verilməyib. Onu da bildirək ki, informasiyanı dəqiqləşdirmək üçün adıçəkilən salonlara yollanan sayt əməkdaşı orada hər hansı təmir-bərpa işlərinin aparıldığını müşahidə etməyib. Sadəcə salonların qapıları bağlı olub və nəinki işçilər, heç mühafizçilər də gözə dəyməyib.
Qeyd edək ki, "Nurgün” Şirkətlər Qrupu 1994-cü il, oktyabrın 4-də təsis edilib. "Nurgun Group” şirkəti "Nissan”, "Ford”, "Renault” və "İnfiniti” markalı avtomobillərin satışını və servis xidmətlərini təşkil edir. Onu da bildirək ki, mətbuatda "Nurgün Motors”un müştəriləri aldatması, bundan əlavə keyfiyyətsiz avtomobillərin satışı ilə məşğul olması haqda tez-tez informasiyalar yayılır.
Virtualaz.org saytı bu xəbərə münasibət öyrənmək üçün Vergilər Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Mehdi Mirsalamov bildirib ki, yaxın saatlarda bu məsələ ilə bağlı açıqlama veriləcək.

.