Milli Məclisin deputatı Novruzəli Aslanov 28 May — Müstəqillik Günü münasibətilə aia.az-a açıqlama verib.
O bildirib ki, bu il Azərbaycan xalqı şanlı dövlətçilik tarixinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 108-ci ildönümünü böyük fəxarət hissi ilə qeyd edəcək. Deputat qeyd edib ki, 1918-ci il 28 mayda yaradılan Cümhuriyyət Şərqin ilk demokratik respublikası olmaqla yanaşı, həm də bütün Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşüb.
Onun sözlərinə görə, cəmi 23 ay mövcud olmasına baxmayaraq, AXC dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qalıb. 1918-ci il 26 iyunda hökumət Azərbaycanın ilk Milli Ordu hissəsinin — əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. 2 iyul 1918-ci ildə Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölməsinin yaradılması haqqında əmr verib və bununla da Azərbaycan polis orqanlarının əsası qoyulub.
Deputat həmçinin 9 noyabr 1918-ci ildə üçrəngli dövlət bayrağının qəbul edildiyini, vətəndaşlıq haqqında qanunun təsdiqləndiyini xatırladıb. Onun sözlərinə görə, 1918–1920-ci illərdə həyata keçirilən xarici siyasət nəticəsində AXC beynəlxalq miqyasda tanınmağa doğru irəliləyib və 1919-cu ilin sonlarına qədər 20-dən çox ölkə ilə diplomatik əlaqələr qurulub.
Novruzəli Aslanov daha sonra Ümummilli Lider Heydər Əliyevin AXC irsinə xüsusi önəm verdiyini vurğulayıb. O qeyd edib ki, Ulu Öndər Cümhuriyyət qurucularının fəaliyyətini yüksək qiymətləndirib və müstəqillik ideyasının sovet dövründə belə xalqın yaddaşında yaşadığını bildirib. Deputat əlavə edib ki, Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, milli hərbi kadrların hazırlanması və mədəni dəyərlərin qorunması müstəqil dövlətçiliyin əsas bünövrəsini təşkil edib.
O, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin AXC dövründə, 1920-ci il 10 martda təsis olunduğunu və bu qurumun Cümhuriyyət irsinin davamçılarından biri olduğunu qeyd edib. Cəmiyyətin yaradılmasında Əliağa Şıxlinski və Fətəli xan Xoyski kimi tarixi şəxsiyyətlərin rolunu xüsusi vurğulayıb.
Sonda deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən Milli Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin yüksək qiymətləndirilməsi və təşkilat üzvlərinin dövlət mükafatları ilə təltif olunması Cümhuriyyət irsinə verilən dəyərin göstəricisidir.
