
"Evdən hələ indi çıxıram. Hansısa fikir bildirmək üçün hələ tezdi”.
Bu sözləri apasport.az saytına açıqlamasında "Keşlə”dən uzaqlaşdırılan Nizami Hacıyev deyib.
Azərbaycan Premyer Liqasının XIII turunda "Neftçi” ilə qarşılaşmadan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Hacıyev və komanda yoldaşı Mirhüseyn Seyidov dünən sərbəst buraxılıblar.
Məsələ ilə bağlı qısa fikir bildirən Hacıyev danışmaq istəmədiyini söyləyib: "Bilmirəm hansı oyunlar, kimin oyunları gedir. Bunu bilsəydim, nə dərdim olardı? Bu məsələlər barədə danışmaq üçün hələ tezdi”.
AFFA İntizam Komitəsi tərəfindən ömürlük futboldan uzaqlaşdırılan "Keşlə”nin sabiq kapitanı buna layiq olmadığını söyləyib: "Əsas harasa aparılmaq deyil, ömürlük futboldan getməkdi. Mən bu cəzaya layiq deyildim”.
Mirhüseyn Seyidov isə bu barədə yenicə məlumat aldığını və qərardan AFFA-nın Apellyasiya Arbitraj Tribunalın şikayəti edəcəyini bildirib:
"Bu barədə mənə heç kim rəsmi məlumat göndərməyib. Elə dost-tanış dedi ki, belə bir qərar var. İndi bir səhvdi etmişik. Ümid edirəm bunu üsulluqla yoluna qoya bilərik. Çünki, mən neçə ildir futbolla məşğulam. Əvvəlki oyunlarda belə bir hadisədən söhbət gedə bilməz. Şübhəli şəxslər kimdir, onu belə bilmirəm. Heç bir maddi məsələ də olmayıb. Əgər bu qərar dəyişdirilməzsə, yəqin ki, xaricə üz tutacağıq. Bacardığımız futboldur. Xaricdə də olsa yenə futbol karyerama davam etmək üçün əlimdən gələni edəcəm”