Bu gün teatrlarda gənc müəlliflərin pyeslərinə az-az rast gəlinir. Bunun səbəbi nədir? Gənc dramaturqlar niyə yetişdirilmir? Teatrlarımız nəyə görə gənc müəlliflərə müraciət etmir?
Kulis.Az bu barədə sənət adamları arasında sorğu keçirib. Cavabları təqdim edirik.
Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov
Deyirlər ki, teatrlar gənc müəlliflərə müraciət etmir. Gəlin, sizə vəziyyəti izah edib. 7-8 il əvvəl Mədəniyyət və Turizm Nazirliyində dramaturgiya üzrə müsabiqə elan edildi. Həmin müsabiqədə yaş məhdudiyyəti yox idi. Müsabiqədə münsif kimi mən də var idim. Bizə 150 pyes verilmişdi. O 150 pyesin içində birinci, ikinci, üçüncü yerlərin sahibini müəyyən etməliydik. Qaliblər elan olundu. Və müsabiqəyə göndərilən pyeslərin müəllifinin hamısı yaşlı şəxslər idi. Daha sonra Hədəf nəşrləri Gənc Tamaşaçılar teatrı ilə birgə müsabiqə elan elədi. Bu dəfə yaş məhdudiyyəti vardı. Münsiflər Sevinc Elsevərin pyesini qalib elan elədilər. Həmin pyesi Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyduq, bu günün özündə də tamaşa repertuardadır. İkinci dəfə biz həmin müsabiqəni keçirdik. Ancaq bu dəfə qalibləri müəyyən edə bilmədik. Ancaq həvəsləndirici yerlər təyin etdik. Çünki yaxşı pyeslər yox idi. Soruşursunuz ki, gənclərə niyə müraciət olunmur. Axı gənc nə vaxt pyes yazdı ki? Mən 70-80 əsər oxuyuram, yaşlının yazdığını da, gəncin də. Vallah, gənclərin pyesi yoxdur. Povest, hekayə yazıb pyes adına gətirirlər. Yoxdur da. Nə edək? Halbuki teatrlar qapılarını gənclərə açıblar. Pyes yazan yoxdur. Ona görə də Əli Əmirli, Elçin, Əjdər Ol, Pərvinlə işləyirik. Başqası yoxdur...
Dramaturq Əli Əmirli
Gənc dramaturq olsun ki, teatrlar da onlara müraciət etsin. Çox təəssüf ki, bu gün gənclərimiz dramaturgiya ilə maraqlanmırlar. Həm də dramaturgiyaya məşğul olmaq da böyük qabiliyyət tələb edir. Gərək dramaturgiyaya məşğul olan gənclər məktəb keçsinlər. Şeir olsa, aşıq kimi bədahətən nəsə demək olar. Ya da nəsr. Bir-iki hekayə yazmaq olar. Ancaq dramaturgiyanın sərt qayda-qanunları, tələbləri var. Teatrı sevməyən, bircə dəfə də olsun teatr görməyən adam necə pyes yazacaq? Bu mümkün deyil. 16 ildir İncəsənət Universitetində dərs deyirəm. Seriallar üçün ssenari yazan adamlar var tələbələrdən. Mən baxmasam da, deyirlər ki, serialların reytinqləri çox yüksəkdir. Bu yaxınlarda bir tələbəm mənə pyes göndərdi. Oxudum, xoşuma gəldi, bir az əl gəzdirdim və teatra təqdim elədim. Dedim ki, mənim pyesimi saxlayın, bu pyesi qoyun tamaşaya. Artıq məşqləri başlayıb tamaşanın. Yəni demək istəyirəm ki, gənclərin qarşısında mane yoxdu. Bütün teatrlar yaxşı pyes axtarır. Mən teatrlara yaxın adamam, bu günə qədər teatrların yaxşı pyesi geri qaytardığının şahidi olmamışam. Bu yaxınlarda dram müsabiqəsində yer tutan Sevinc Elsevərin Gənc Tamaşaçılar teatrında pyesini dərhal tamaşaya qoymuşdular. Düzdü, dramaturji kamillik olmasa da, hər halda bəzi tələblərə əməl etmişdi. İndi də tamaşa vaxtaşırı göstərilir. Gərək ki, eyni tamaşa Mingəçevirdə də səhnələşdirilib. Deməli, pyes varsa, teatrın konsepsiyasına, tələblərinə uyğundursa o mütləq tamaşaya qoyulacaq. Bu gün klassik əsərlərə üstünlük verilirsə, bunun bir səbəbi var: dəyərli pyeslərin olmaması.
Teatrşünas Aydın Talıbzadə
Mən teatr rejissorlarının yerinə danışa bilmərəm, yalnız öz müşahidələrimi söyləyəcəyəm. Az-çox oxuduğum və ya səhnədə gördüyüm pyeslər əsasında məndə belə bir qənaət formalaşıb ki, gənclər pyes yazmağa bir hobbi kimi yanaşırlar, şöhrətə çatmağın qısa yolu kimi yanaşırlar, elə bilirlər ki, pyes iki nəfəri üz-üzə dayandırıb danışdırmaqdan ibarətdir. Əslində, pyes orqan aləti kimi səslənən bir bütövcə olmalıdır və bu bütövcənin əsas dominantı mübarizədir, hər dialoqa, hər söyləmə, hər epizoda yansıdılmış mübarizədir. Bəzən gənclərin pyeslərində əsərin özü yox, yalnız bir fraqment və ya ideyanın özü maraqlı olur, vəssalam. Sanki onlar yaradıcılığın bu sahəsinə barmaqarası yanaşırlar: mən gənclərdən romançılığa, şeirə yönəlik ciddiyyəti dram yaradıcılığına qarşı görmürəm.
Ancaq mən heç kimi qınamıram: hər şey tələb və təkliflə idarə olunur. Sən kimlər üçün yazdığını bilməlisən, cəmiyyətin hansı təbəqəsini hədəfləyib yazdığını bilməlisən və bilməlisən ki, aldığın qonorar səni təmin edib yaşadacaq.
Yazıçı Elçin Hüseynbəyli
Problemli məsələdir. Dramaturgiya fərqli sahədir. Teatrların inkişafı ilə bağlı proqram var idi. Daha çox texniki inkişafa istiqamətləndi bu proqram. Ancaq eyni zamanda beynəlxalq tədbirlər, master-klasslar da keçirildi. Görünür, bunlardan əlavə də teatrların boynuna nələrsə düşür. Maraqlı layihələrlə, təkliflərlə çıxış etməlidirlər. Bu kənardan durub drijorluq etməklə həll olunan problem deyil. Teatr Xadimlər İttifaqının rejissor laboratoriyası var, burda gənclər həm öz əsərlərini təqdim edə bilirlər, həm də yeni təkliflərlə çıxış etmək imkanı qazanırlar. Görünür, pyeslər sosial sifariş əsasında tamaşaya hazırlanır. Üstəlik məsələnin bir digər tərəfi də var: cəmiyyətdə teatra maraq hədsiz azdır. Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və eləcə də dövlət teatrlarımız təkliflərə açıqdır, yeni layihələr də var. Belə görünür, gənclər dramaturgiyaya maraqlı deyillər. Şeir yazırlar, status yazırlar. Dramaturgiyadan uzaq düşüblər. Çox adam da elə bilir ki, dram eləcə dialoqdur, onu yazmaq çox asandır. Halbuki ən çətin və fərqli sahə dramaturgiyadır. Özünün süjet xətti, ziddiyyətlər, intriqa, konflikt və təbii ki, ən əsası ideyası. Bu sahə ilə məşğul olan gənclər görünür, dramaturgiyaya ciddi yanaşmırlar. Bu yaxınlarda bir neçə dəfə dram əsərləri ilə bağlı müsabiqələr keçirildi. Gənc müəlliflər də o müsabiqələrdə iştirak etmişdilər. Düşünürəm ki, Mədəniyyət Nazirliyinin bu xətdə layihələri davam etməlidir, bu müsabiqələri yenidən aktuallaşdırmaq lazımdır. Həm də ki bizim dramaturgiyanın tarixi çox cavandır. Ənənə formalaşmalıdır.
Tənqidçi Əsəd Cahangir
Şeirdən, nəsrdən... fərqli, dram sənətində təkcə istedad kifayət deyil. Dramaturq başqalarından asılıdır - Mədəniyyət Nazirliyi, teatrın rəhbərliyi, rejissor, bəstəkar, rəssam, aktyor, hətta tamaşaçıdan... Dəstək olmasa, o, yetişə bilməz.
Biz isə Əli Əmirlidən sonra heç bir dramaturqu qəbul etmək istəmirik. Teatra 90-cı illərin əvvəllərində gələn Əmirli erası bitmək üzrədir. Yeni imzaya ehtiyac var, özü də ciddi ehtiyac. Bir ara Elçin Hüseynbəylini yoxladılar, özünü doğrultmadı. Nazirlik onun neçə pyesini pulla alsa da, ortalığa tamaşa çıxmadı. Olmazmı bu pul doğrudan da dramaturji istedadı olana verilsin? Axı, dramaturji istedad təxminən hər iyirmi ildən bir yetişən nadir, spesifik bir təzahürdür.
Samir Sədaqətoğlu pis başlamamışdı, sonra dramaturgiyadan daha çox, ateist təbliğat kompaniyasının üzvü kimi çıxış etməyə başladı. Rəvan Tovhidoğlunda dramaturji istedad olduğu hiss olunurdu, Sumqayıt teatrı onu səhnələşdirdirdi də, sonra harasa qeyb oldu.
Bu gün dram yazan cavanlar arasında məncə ən şanslısı İlqar Fəhmidir. Onu niyə səhnələşdirmirlər, aydın deyil. Bir-birinin ardınca maraqlı pyesləri dərc olunur - "Şah Abbas", "Zümrüd parıltısı" və sair. Bu pyeslər struktur mürəkkəbliyi və psixoloji incəlik yönündən milli dram sənətimizin inkişafında yeni səviyyənin başlanğıcından xəbər verir. Ümumən, İlqar öz yaşıdları arasında yeganə imzadır ki, ənənəvi maarifçi dünyagörüşündən müasir zamanın tələbinə uyğun neomaarifçi təfəkkürünə keçə bilib. Və bu amilin ədəbiyyatımıza mühüm yeniliklər gətirəcəyinə əminəm.
Bizim az-çox iş görən dramaturq və rejissorlarımızın çoxu Moskva mühiti ilə bağlı olub: Adil İsgəndərov, Mehdi Məmmədov, Hüseyn Seyidov, İsa Muğanna, İmran Qasımov, Həsən Seyidbəyli, Alla Axundova, Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov, Əjdər İbrahimov, Əlisəttar Atakişiyev...
Məncə, bu gün də cavanların dramaturji imkanlarını cilalamaq üçün onlar dünyanın böyük şəhərlərinə - Londona, Moskvaya, Nyu-Yorka ixtisaslaşma kurslarına göndərilməlidir. Problemin həlli üçün ilk addımı bunda görürəm. İkinci addımı isə gələcəyin adamları özləri müəyyənləşdirər.
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı
Özümü ədəbi mühiti, gənc imzaları kifayət qədər tanıyan insan hesab edirəm. Yəni ola bilməz ki, kimsə bir yaxşı şeir, bir uğurlu hekayə yazsın, amma onu tanımayım. Gənclik yaşı 35-ə qədərdir. Bu yaşda olan həmkarlarımızdan kiminsə Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya hazırlanmaq səviyyəsində pyes yazdığını eşitməmişəm. Desəm ki, yazılan bütün dram əsərlərini oxumuşam, düz olmaz, amma hər hansı gənc yazıçının hadisə olacaq pyesə imza atdığını da deyə bilmərəm. Ümumiyyətlə, teatr mühitində, ədəbi mühitdə eşitməmişəm ki, son illərdə hər hansı gənc müəllif sanballı dram əsəri yazsın, onun haqqında müsbət fikirlər desinlər. Bu gün Azərbaycanın ən yaxşı dramaturqu şəksiz ki, Əli Əmirlidir. Siz hansısa gəncin Əli Əmirlinin müəllifi olduğu "Şah Qacar”, "Messenat”, "Köhnə ev” səviyyəsində pyes yazdığını eşitmisinizmi? Mən nə eşitmişəm, nə baxmışam. Hərçənd, bizim gənc həmkarlar ara-sıra dramaturgiyaya müraciət edirlər. Məsələn, Qan Turalı "Füzulinin qayıdışı" pyesini yazıb, Sevinc Elsevərin pyesi qalib əsər kimi Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub. Şəbnəm Xeyrulla dram əsərləri yazmağa meyllidir, bir, yoxsa iki pyes yazıb və hətta xaricdə çap olunub. Bu, əlbəttə, yaxşı haldır və davamının gəlməsini arzu edirəm. Amma bu əsərlərin heç biri Akademik Milli Dram Teatrının səhnəsi üçün deyil. Hətta tamaşaya hazırlansa da, ömrü çox çəkməyəcək. Vəsait sərf olunsun, ölkənin ən böyük teatrının yaradıcı və texniki kollektivi müəllifi gəncdir deyə bir pyesi tamaşaya hazırlasın, sonra üç dəfə nümayişdən sonra tamaşaçı gəlməsin və məcbur olub repertuardan çıxarsın. Bunu teatr üçün rəva görürsünüzmü? Akademik Milli Dram Teatrının səhnəsi aktyor üçün də, rejissor üçün də, dramaturq üçün də çox amansız səhnədir. Hətta yaxşı pyes zəif quruluşda olanda da ömrü çox çəkmir. Gərək bütün komponentlər o qədər dəqiq işlənsin ki, tamaşaya gəlib baxanlar vaxta heyfislənməsinlər. Başqa bir tərəfdən də, Azərbaycanda yeni yaradılan özəl teatrlar var. Tutalım, Akademik Milli Dram Teatrı gənclərə meydan vermir, bəs o özəl teatrlar niyə gənclərin müəllifi olduğu pyesləri səhnələşdirmirlər? Yaxud bölgə teatrlarında baş rejissor olan gənclər var, niyə onlar gənclərin müəlliflərin pyesini hazırlamırlar? Deməli, problemi Akademik Milli Dram Teatrında, yaxud o rejissorlarda yox, gənc müəlliflərdədir. Normal hekayə yaza bilməyən, süjet qura bilməyən, hadisə yarada bilməyən adam istəyir ki, pyesi Akademik Milli Dram Teatrında səhnəyə qoyulsun.
Yazıçı Mirmehdi Ağaoğlu
Dünyanın hər yerində gənc olmaq üstünlükdü, bizdə əskiklik. Teatrlar gənclərin əsərlərini səhnələşdirsin deyə gərək yaşlanalar, çünki yaşlanmaq hardasa həm maddiyyat, həm də geniş imkanlar-əlaqələr deməkdir. Bundan sonra Hüseynbala Mirələmov da olsan əsərini səhnələşdirəcəklər. Çünki imkanın var.
Bizim teatrlar gənc yazarların əsərlərini niyə səhnələşdirmirlər? Teatrlardan soruşursan deyirlər dövlət sifarişi olmalıdır, Mədəniyyət və Turizm Nazirliyi dövlət sifarişi əsasında bizə əsəri təqdim etməlidir, biz də səhnələşdirməliyik. Azərbaycan kimi ölkələrdə dövlətin də Hüseynbala Mirələmovu qoyub sənə əsər verməsi necə ki, görürük, mümkünsüzdür. Məsələni əməlli-başlı Kafkanın "Qəsr” əsərinə döndəriblər. Prinsipcə gənclərin əsərini səhnələşdirə bilərlər, dövlət də sifariş verə bilər, amma bunlar Qordi düyünü kimi bir-birinə elə qarışıb ki, kələfin ucunu tapa bilmirsən. Belə olanda da qalırsan K.–nın vəziyyətində, budur, Qəsr görünür, amma ora yol tapa bilmirsən.
Üstəlik gənc yazarlara irad tuturlar ki, siz nə vaxt yaxşı pyes yazıb gətirdiniz biz də səhnələşdirdik? Siz nə vaxt təklif verdiniz, təşəbbüs göstərdiniz ki, gənclər yazmadılar? Pyes yazmaq üçün heç bir stimul yoxdursa, bir adam durduğu yerdə niyə pyes yazsın axı? Gənc deyəndə heç 25-30 yaşlı yazarları nəzərdə tutmuram, artıq oturuşmuş, qələmi olan 40-50 yaşlı yazıçılarımız var ki, prosesə cəlb edilmirlər. Onlardan da əsər istəyən yoxdu. Buna görə də günahı yazarların - fərdlərin üzərinə atmaq lazım deyil, teatrlar, Mədəniyyət və Turizm Nazirliyi kimi qurumlar təşəbbüs göstərməlidirlər. Əgər təşəbbüs göstərməsələr teatrlarımızın repertuarı həm dramaturq, həm də mövzu baxımından hazırda olduğu kimi "qoca” qalacaq, cavanlaşmayacaq. Nəticə də göz qabağında. Ölkədə barmaqla sayılacaq qədər teatr var: onların da ikisi eyni vaxtda İlyas Əfəndiyevin "Mənim günahım” əsərini səhnələşdirir. Sizcə bu mənzərə mənim bayaq dediklərimin yerinə dil açıb "danışmırmı”, danışır.