Müsahibimiz tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqubludur.
– Sizcə, orta statistik azərbaycanlının 1918-1920-ci illər hadisələri ilə bağlı bilgiləri qənaətbəxşdirmi, yoxsa hansısa boşluqlar var?
– Qənaətbəxş deyil. Mən müəlliməm, universitetdə dərs deyirəm və auditoriya ilə kontaktda oluram. Cəmiyyətimizin bu hadisələrlə bağlı məlumatları yetərincə deyil və bunun müxtəlif səbəbləri var. Amma tariximizə nəzər yetirsək, onun ən şərəfli dövrü 1918-1920-ci illərdir. Çünki ilk demokratik dövlətimizi məhz həmin zaman qurmuşuq. O vaxta qədər qurduğumuz bütün dövlətlər ya hansısa sülalənin davamçısı olub, ya da ailənin və nəslin. Elə adları da buna müvafiq olub – Şəddadilər, Sacilər, Səfəvilər və s. Hamısı sülalə, irs, nəsil adları ilə bağlıdır. İlk dəfə olaraq nəsil, sülalədən kənar olan, hüquqi əsasa dayanan, demokratik prinsiplərə söykənən, bu günkü dünyanın qəbul etdiyi dəyərlərə əsaslanan dövləti 1918-ci ildə qurduq. Yəni ilk dəfə coğrafi yerin, xalqın, millətin, toplumun adı ilə adlanan dövlət yaratdıq. Və bu dövlət indiyə kimi bütün dünya türklərinin qurduğu 114-cü dövlət oldu.
– Yəni bütün bu özəlliklərinə rəğmən, qurulmasından 98 il keçən bu dövlət haqqında hətta tələbələrin də bilgiləri qənaətbəxş səviyyədə deyil.
– Bu onunla bağlıdır ki, sovet hakimiyyətinin mövcud olduğu 70 ildən artıq müddət ərzində bu mövzuda danışmaq qadağan edilmişdi. Həmin qadağa üzündən böyük bir kəsim bu mövzudan xəbərsiz olub. Sonrakı dövrdə də Azərbaycan Xalq Cümhuriyyətini təbliğ etmək qeyri-mümkün oldu. Bunun da səbəbləri tamamilə başqa idi. Qeyd edilən dövrü tədqiq edən insanlar obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan auditoriyasına çıxa bilmədilər. Mənə elə gəlir ki, bu dövrün öyrənilməsi üçün ayrıca institutlar yaradılmalı və həmin institutlar bu dövrü sistemli şəkildə öyrənib Azərbaycan cəmiyyətinə çatdırmalıdır.
– Bu dövrü ayrıca öyrənən instutlar və mərkəzlər olmasa da, hazırda peşəkar Azərbaycan tarixçiləri Azərbaycan Xalq Cümhuriyyətini öyrənmək sahəsində müəyyən işlər ortaya qoya biliblər.
– Bəli, təbii ki, müəyyən işlər görülüb. Amma bu işlər iki istiqamətdə aparılıb. Birincisi, həqiqətən bu dövrü bilən və tədqiq edən insanlar tərəfindən, ikincisi isə bu dövrü elmi ad almaq xatirinə araşdıranlar tərəfindən. İkinci qrup daxil olan tədqiqatçıların araşdırmalarında ciddi xətalara yol verib. Çoxlu səhvlər və qeyri-ciddi yanaşmalar var. Brinci qrupa daxil olanlar isə kifayət qədər samballı əsərlər ortaya qoyublar. Üçüncü bir aspekt də var. Bu dövrün Azərbaycan kontekstindən kənarda araşdırılması necə aparılıb? Məsələn, bu dövrün ən yaxşı araşdırmaçısı amerikalı tədqiqatçı Tadeuş Svitaxovskidir. O, həqiqətən də ortaya gözəl nümunələr qoyub. Almaniyada da bir neçə araşdırmaçı var. Bizi maraqlandırır ki, bu dövrü biz Azərbaycandan kənarda da tədqiq edək. Çünki biz xalqımızın yüksək demokratik dövlət qurmaq qabiliyyətini dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu, çox vacib məsələdir. Təsəvvür edin ki, 1918-ci ilin statistikasına görə, Azərbaycan əhalisi 2 milyon 900 min nəfər idi. Bunun 350 mini erməni, 300 mini rus, qalanları isə digər xalqların nümayəndəsi idi. Cəmi 1 milyon 600-700 min nəfər müsəlman əhali yaşayırdı. Müsəlman əhalinin cəmi 450 nəfəri savadlı idi. Bunların 250 nəfəri Qori seminariyasını, 200 nəfəri isə Rusiyanın, Türkiyənin və Avropanın universitetlərini bitirmişdi. Mən mədrəsə təhsilini nəzərə almıram. Həmin dövrdə bizim toplum həqiqətən də pis vəziyyətdə idi. Hətta Qafqazda da. Qafqazda azərbaycanlılar, gürcülər və ermənilər əsas xalqlar sayılırdı. Və savad, siyasi təşkilatlanma baxımından biz çox geri qalırdıq. İndi müqayisəyə fikir verin. Ermənilərin ilk qəzeti 1797-ci ildə yaranmışdı. Gürcülər 1802-1803-cü ildən qəzet buraxırdılar. Əsasən isə 1832-ci ildən qəzet buraxmağa başladılar. Azərbaycanlıların ilk qəzeti isə 1875-ci ildə yaranmışdı. İndi də keçək təşkilatnma məsələsinə, bu çox vacib amildir. Çünki millətin bir iş görməsi üçün onun təşkilatlanması lazımdır. Təşkilatlanmayan millətin gələcəyi yoxdur. M.Ə.Rəsulzadə yazırdı: "Siyasi partiyası olmayan xalqın siyasi duyğusu və siyasi düşüncəsi ola bilməz”. Ermənilər ilk partiyalarını "Qnçak”ı ("Qütb zəngi”) 1885-ci ildə yaratmışdılar. "Armenakan” ("Erməni vətənpərvərləri”) adlı ikinci partiyalarını 1887-ci ildə təsis etmişdilər. 1890-cı ildə Tiflisdə isə "Daşnaksütyun” ("İttifaq”) partiyasını yaratdılar. Gürcülər "Mesamedasi” təşkilatını 1880-ci illərdən yaratmağa başladılar. Bəs bizdə vəziyyət necə idi? Rusiya yönümlü, bolşevik "Hümmət” təşkilatını çıxıram, ilk siyasi təşkilat olaraq 1905-1906-cı illərdə "Difai”ni yaratdıq. Bu da milli proqramı olmayan hərbi-qisasçı təşkilat idi. İlk milli proqrama malik olan partiyanı M.Ə.Rəsulzadə 1911-ci ildə yaratdı – "Müsavat” partiyasını. Gördüyünüz kimi, ermənilər partiyalaşma məsələsində də bizi 20-30 il qabaqlayıblar. İndi isə keçək xeyriyyə təşkilatlarına. 1832-ci ildə Bakı şəhərində 15 erməni ailəsi var idi. O vaxt su satan Ambarsumyan erməniləri bir yerə yığaraq ilk erməni xeyriyyə təşkilatı yaratdı. Təşkilat pul yığaraq erməni uşaqlarını oxutdu. Bu təşkilatlanmaların nəticəsində ermənilər 1900-cü ilin əvvəllərində Bakını ələ keçirmişdilər. Bizdə isə ilk xeyriyyə təşkilatı 1872-ci ildə, Həsən bəy Zərdabi tərəfindən yaradıldı. Və heç kim yardım etmədiyindən, bir il sonra bağlandı. Çünki bizim insanlar birləşib iş görə bilmirlər, fərdi işlərə meyillidirlər. Bakı yəhudiləri isə 1845-ci ildə təşkilatlarını yaratdılar.
– Bəs Azərbaycan Xalq Cümhuriyyəti fenomeni necə yarandı?
– Bakıdakı ruslar, ermənilər və gürcülər təşkilatlandıqdan sonra azərbaycanlılar da təşkilatlanmağa məcbur oldular. Bu təşkilatlanma olmasaydı, AXC yaranmayacaqdı. Zaqafqaziya seymi olmasaydı, müstəqilliyə də çətinliklə qovuşardıq. 1917-ci il fevral-burjua inqilabı baş verməsəydi, bu xaqların müstəqlliyi də yəqin ki, qeyri-mümkün olacaqdı. Yəni Qafqazda baş verən proseslərin hamısı bir-biri ilə sıx şəkildə əlaqəli olub. 1918-ci ildə Zaqafqaziya seymi dağılarkən gürcülər, ermənilər və azərbaycanlılar öz müstəqilliklərini elan etdilər. Fikir vermisinizsə, "İstiqlal” bəyannamələri təxminən eynidir. Məsələn, gürcülərdə 8, bizdə isə 6 maddədir. Amma məzmunu eynidir. Yənu bunlar eyni yerdən qaynaqlanır. Batumda bir otaqda Jordaniya, o biri otaqda isə Məmməd Əmin Rəsulzadə bunu yazıb. Hətta göndərəndə də eyni adamla göndəriblər. Hədəf isə eyni idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması fenomenal hadisə idi. Bəs nəyə görə biz parlament idarəçiliyi sistemini əsas götürdük? 1917-ci ildə M.Ə.Rəsulzadə "Açıq söz” qəzetində dərc olunan "Cümhuriyyət” məqaləsində yazırdı ki, cümhuriyyətdən cümhuriyyətə fərq var. Biri var cümhuriyyəti-ənam, bir də var cümhuriyyəti-xas. Yəni imtiyazlı insanların və bütün xalqın dövləti. Cümhuriyyət xalq idarəçiliyidir. Parlament üsul-idarəsi isə bizim üçün yeni hadisə idi. Belə idarəçilik sistemi Şərqdə olmayıb. Bütün Şərqdə ilk parlament Yaponiyada yaranıb – 1892-ci ildə. Amma demokratik idarəçilik baxımından parlament üsul-idarəsi Şərqdə ilk dəfə Azərbaycanda yarandı. Burada 10-a qədər partiya təmsil edilirdi. Rusların, ermənilərin, polyakların, almanların nümayəndələri var idi. Şərq üçün qeyri-adi idarə sistemi idi. Ona görə də Bakıya gələn ingilis generalı Tomson deyirdi: "Mən Şərqdə belə kültürlü xalq olduğunu bilmirdim”. Çünki görürdü ki, Briyaniya parlament üsul-idarəsinə bənzər bir sistem yaradılıb. Partiyaların etimadına uyğun olaraq hökumətlər formalaşdırılırdı. Qısa bir müddətdə 5-dək hökumət kabineti yaradılmışdı. Bəziləri indi mətbuatda yazırlar ki, "anarxiya idi, tez-tez hökumət dəyişilirdi və s.” Demokratik dövlətdə hökumətin tez-tez dəyişməsində qeyri-adi heç nə yoxdur. Dəyişən şlyapadır, baş isə yerində qalmışdı axı. Əsas da elə budur. Hökumət kabineti dəyişməli idi ki, yerinə yeni qüvvələr gəlsin. Hər bir hökumət kabinetinə yeni nazirlər daxil edilirdi.
– Tarixi şəxsiyyətlərin fəaliyyətinin təftiş olunması qəbul edilməzdir. Zaman-zaman M.Ə.Rəsulzadənin həyat yoldaşı və uşaqlarını qoyub qaçdığı iddia edilir və müxtəlif şəxslər tərəfindən tənqid edilir. Bu şəxsiyyətin Azərbaycan tarixində oynadığı rolu layiqincə tədqiq edə bilmişikmi?
– M.Ə.Rəsulzadə haqqında kifayət qədər tədqiqat işləri aparılıb, əsərləri öyrənilib. Sadəcə təbliğat istiqaməti düzgün aparılmır. Bəziləri də bilərəkdən, yaxud məlumatsızlıqdan onun haqqında yanlış məlumatlar yayırlar. Biz də onun cavabını veririk.
– Siz, yəni kim?
– Məsələn mən, Şirməmməd Hüseynov və digər tədqiqatçılar. Mən M.Ə.Rəsulzadəni sovet dövründən tədqiq edirəm. Elə o dövrdən də M.Ə.Rəsulzadəni tənqid edənlərə cavablarım bir yerə yığılsa, sanballı bir kitab əmələ gələr. Məsələn, Rəsulzadə ailəsini qoydu, qaçdı deyirlər. Bu adam həbsxanada idi. Stalin öz köhnə inqilabçı dostunu xilas edib. Və milislərin nəzarəti altında qatarla Moskvaya aparıb. Ona yalnız bir neçə saatlığa ailəsi ilə görüşməyə icazə verilib. Mən sual edirəm, bu, ailəsini qoyub, qaçmaqdır, yoxsa həbs edilib Moskvaya aparılmaq? Həbs şəraitindəki adama ailəsini qoymurlar axı özü ilə aparmağa. Hələ heç Rəsulzadə özünün gələcək taleyinin necə olacağını bilmirdi. Və ailəsini də özü ilə aparmağa icazə verilmirdi. Moskvada da nəzarət altında yaşayırdı. Stalin ondan istifadə etmək istəyirdi. Stalin hər bir məsələdə öz marağını güdürdü. Stalin millətlər komissarı işləyirdi və ona şərq xalqlarını bilən adam lazım idi. Sadəcə Rəsulzadə bu yolla getmək istəmədi. Gedəndən sonra da Stalinə yazdığı məktubda bildirirdi ki, o rejimdə yaşaya və işləyə bilməz. Getməli və xalqının azadlığı uğrunda mübarizəni davam etdirməlidir.
– M.Ə.Rəsulzadənin faşist Almaniyası ilə münasibətləri də tarixdən yazan və tarixdən xəbəri olmayan insanların sevimli mövzusudur.
– Mən bu haqda kitab yazmışam – "Azərbaycan legionerləri”. Bizim Böyük Vətən müharibəsi adlandırdığımız müharibəyə Avropa tədqiqatçıları sovet-alman müharibəsi deyirlər. Pribaltikalılar, polyaklar da Böyük Vətən müharibəsi demirlər. Çünki sovet əsgəri onların ölkələrini işğal edib. Elə bu gün də erməni bizim üçün işğalçı, Reqnum.ru saytında isə xilaskardır. Əsas məsələ yanaşmadadır. Biz çox zaman hadisələrin düşündüyümüz kimi olmasını istəyirik. O dövrdə müharibə gedirdi. Bir çox insanlar əsir düşmüşdü və almanlar onları aşağı təbəqə adı ilə güllələyirdilər. 5 milyona (bəzi mənbələrdə 3,5 milyon) qədər sovet insanı əsir düşmüş və ya almanlar tərəfə keçmişdi. 100 min nəfər azərbaycanlı da əsir düşmüşdü. Stalinin isə əmri vardı ki, ya əsir düşməməli, ya da əsir düşdükdə, özünü öldürməlisən. Bu isə asan məsələ deyildi. Əsir düşənləri geri qayıtmamağa məcbur edirdi bu əmr. Əsirin ailəsi sürgün olunurdu.
– Halbuki sovet rəhbərliyinin və komandanlığının yanlış addımları üzündən insanlar əsir düşürdü.
– Bəli, məhz yanlış addımlar üzündən. İndi bizim də ermənilərə əsir düşənlərimiz var. Biz onlara Vətən xaini demirik axı. Əksinə, onların geri qaytarılması uğrunda mübarizə aparırırq. Stalin isə onları siyahıdan pozurdu və 1941-ci ildə onların çoxu Almaniyada acından qırıldı. Çünki Qırmızı Xaç Cəmiyyətinin xətti ilə onlara yemək çatdırılmasına imkan verilmirdi. Stalin əsirləri sovet vətəndaşı hesab etmirdi. Rəsulzadə isə faşist Almaniyasının rəhbərliyi ilə olan əlaqələrindən istifadə edib, azərbaycanlı əsirləri xilas etməyə çalışırdı. Krımda yəhudilərlə eyniləşdirilən 1500 azərbaycanlı güllələnmişdi. Həmin vaxt Nuru paşa, Ərkirət paşa Türkiyədən gəldi və Rəsulzadə ilə birlikdə Alfred Rozenberqin şərq nazirliyinin şöbə müdiri professor fon Mende ilə görüşərək azərbaycanlıları xilas etməyə çalışdı. Burada pis nə var ki? O, soydaşlarımızı xilas etmək istəyirdi. 70 minə qədər azərbaycanlını da xilas etdi. Ciddi bir rəqəmdir.
– M.Ə.Rəsulzadənin necə deyərlər neytral adlandırıla biləcək bioqrafiyası yazılıbmı? – Bilirsiniz, biz Rəsulzadəni yaxşı tanımırıq. Onun cəmisi 5 cildlik əsəri çıxıb. İndi mən onun 10 cildliyini hazırlayıram. Bu qədər iş görmüş insan haqqında onu tanımadan hökm vermək də çətindir. Amma çıxan kitabların hamısında M.Ə.Rəsulzadənin Azərbaycanın müstəqilliyi və istiqlalı yolunda düzgün istiqamətdə getdiyini görürük. Yəni burada bütləşdirmə yoxdur. Əgər düzgün getməsəydi, 1988, 1991-ci illərdə onun qaldırdığı bayraqlar ucalmazdı. 1991-ci il Müstəqillik aktında və Azərbaycan Respublikasının Konstitusiyasında "biz 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, hüquqi, mənəvi varisiyik” sözlərini də düz yazmışıq.
– Nəsiman müəllim, Zaqafqaziya seyminə Azərbaycan ərazisindən xristian nümayəndələr seçilmişdimi və onların Azərbaycan Xalq Cümhuriyyəti elan olunmasına münasibətləri necə idi?
– Seym əslində müxtəlif baxışlar üzündən dağıldı. Məsələn, gürcülər almanlarla, ermənilər ingilislərlə əməkdaşlığa üstünlük verdilər və Seym dağıldı. Mən bayaq əhalinin say tərkibi haqqında danışdım. Bunlar hamısı fəal insanlardı və Bakı onların əlində idi. Bu baxımdan Bakının azad edilməsi böyük uğurdur. 1918-ci ildə Bakının quberniya kimi Rusiyanın tərkibinə verilməsi planları vardı. M.Ə.Rəsulzadə Ənvər paşa, Mehmet paşa, Vəhbəddin paşa ilə görüşərək, türkləri Azərbaycana çağırdı. Nuru paşa Göyçay döyüşündə məğlub oldu. Bildirdi ki, döyüşə bilmir, çünki Azərbaycan ordusu yox idi, öhdəsindəki 300 nəfərlə döyüşə bilmirdi. Onda Rəsulzadə Türkiyəyə yenidən getdi və 10 min qoşunla qayıtdı. İndi Türkiyə tədqiqatçıları yazırlar ki, Ənvər paşa kimi romantik adam olmasaydı, Bakını azad etmək mümkün deyildi. Ölüm-dirim savaşı içində olan Türkiyə 10 min qoşunu Azərbaycana köməyə göndərmişdi. Əks-təqdirdə Rusiyanın dəstəklədiyi Şaumyana qalib gəlmək mümkün olmazdı. Azərbaycan Xalq Cümhuriyyətinin liderləri unikal tarixi şansdan bəhrələndilər. Biz müstəqil dövlət kimi dünya tərəfindən tanındıq.
– Maraqlı müsahibəyə görə minnətdarlığımızı bildiririk.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az
.