"Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş verən yanğın zamanı itkin düşən neftçilərin axtarışı dayandırılıb. İtkin neftçilərin ailələrindən Modern.az saytına verilən məlumata görə, artıq uzun müddətdir ki, nə gəmilər, nə təyyarələr, nə də dalğıclar axtarış aparır. Ailələr itkinlərin tapılacağından əllərini üzdüklərini qeyd ediblər.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Modern.az saytına məsələni nə təsdiq, nə də təkzib ediblər. Buna görə də rəsmi münasibət öyrənmək mümkün olmayıb... Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı da məsələ ilə bağlı Modern.az saytına ailələrin narahatlıqlarını bildirib. O ailə üzvlərinə yalnız SOCAR-a deyil, eyni zamanda Fövqəladə Hallar Nazirliyinə də müraciət etməyi tövsiyə edib: "Düzdür, itkin düşənlər SOCAR-ın işçisi olub, amma axtarışları Fövqəladə Hallar Nazirliyi aparırdı. Sözügedən nazirlik isə nədənsə susur. Axtarışları dayandırma səbəbini açıqlamır. Dövlət Neft Şirkəti isə özünün müvafiq texnikası olmadığı üçün axtarış apara və ailələrə bununla əlaqədar cavab verə bilmir. Çox təəssüflər olsun ki, nazirlik susur və eyni zamanda ailələr ora getmir. Ailələri başa düşürəm. Müvafiq qurumlar ola bilər sentyabrın 20-də (neftçilər günü) yaxud dekabrın 4-də (qəza baş verən gün) neftçiləri xatırladılar... Amma unudulacaqlar! Çünki, biz unutqan xalqıq”. Dekabrın 4-də güclü qasırğa zamanı "Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində platformada olan 63 işçidən 33 nəfəri xilas olub, 11 nəfəri həlak olub, 19 nəfər itkin düşüb.
.