Vaxtı ilə yüzlərlə insanın çalışdığı və sonralar tarixi abidə statusu alan Neftçala rayonundakı Bankə balıq kombinatının inzibati binası uçmaq təhlükəsi ilə üz-üzə qalıb.
1841-ci ildə Neftçalanın Bankə qəsəbəsində fəaliyyət göstərən Balıq kombinatına Mailov qardaşlarından sonra tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev sahib durub. Əvvəllər "Madagiz”, "Türkan”, "Xaldan”, "Xudat” kimi 10 taxta balıqovlama gəmisi olan kombinat sonralar 10 polad gövdəli gəmiyə malik olub. Burada müxtəlif çeşiddə balıq məhsulları hazırlanıb. Yüzlərlə Bankə sakini bu kombinatda işləyib, ailəsini qazandığı halal zəhməti ilə dolandırıb. Lakin ötən əsrin əvvəllərində kombinat fəaliyyətini dayandırdıqdan sonra inzibati binaya tarixi mədəniyyət abidəsi statusu verilib. 175 illik tarixi olan bu abidənin müstəqillik dövründə qapıları necə bağlanıbsa eləcə də qalıb. İllərlə baxımsız qaldığından artıq binanın 2-ci mərtəbəsinin döşəməsi uçularaq ən təhlükəli həddə çatıb.
Taxtadan tikilmiş bu binanın pəncərələri sınıq-salxaq vəziyyətə düşüb. Dam örtüyü sıradan çıxdığından qar-yağış suları birbaşa içəri dolur, tavanı, döşəmələri çıradan çıxarır. Bir sözlə, bu tarixi abidə hamının gözü qarşısında uçulub dağılır. Abidəyə biganəlik sakinləri də ciddi narahat edir.
Sakinlərin sözlərinə görə, bu barədə aidiyyəti qurumların da xəbəri var. Lakin tədbir görən yoxdur. Yaxın vaxtlarda bu tarixi mədəniyyət abidəsində restavrasiya işləri aparılmasa gələcək nəsillər onun şəkillərini yalnız kitablarda görə biləcək.
.
