Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mişar daşlarının istehsalı sahələrində (daş karxanaları) yoxlama keçirib.
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, yoxlamalarda Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları da iştirak ediblər.
Nazirlikdən onu da xatırladıblar ki, ilin əvvəlində daş karxanalarına rəsmi məktubla müraciət olunaraq, onlarda əməyin mühafizəsi sahəsində mövcud olan çatışmazlıqların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması, əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə əməl edilməsi, işçilər üçün sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, onların müəyyən edilmiş müddətlərdə və çeşidlərdə pulsuz fərdi mühafizə vasitələri (xüsusi geyim, xüsusi ayaqqabı və s.) ilə təmin edilməsi üçün tədbirlər görülməsi barədə göstərişlər verilib. Eyni zamanda bu göstərişlərin icra vəziyyətinin araşdırılması üçün dövlət nəzarəti tədbirlərinin həyata keçiriləcəyi bildirilib. Amma...
Yoxlama zamanı Qaradağdakı "Tutu" MMC-yə məxsus mişar daşlarının istehsalı sahəsində istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin həyata keçirilmədiyi, işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmadığı aşkar edilib. Əmək şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurduğu bu istehsalat sahəsində eyni zamanda işçilərin böyük qisminin qeyri-leqal əmək fəaliyyətinə cəlb edildiyi də məlum olub. Müəssisədə aşkar olunan hüquq pozuntuları aradan qaldırılanadək işlər dayandırılıb, həmçinin müəssisənin sahibinə icrası məcburi olan göstərişlər verilərək, icrası nəzarətə götürülüb.
"Xəzri-E” MMC-də aparılan araşdırma da burada əmək qanunvericiliyinə əməl olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində ciddi nöqsanların aşkar edilməsi ilə nəticələnib. Bu müəssisədə də nöqsanlar aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi günüdür. Buna görə də apreldə "Təhlükəsiz iş ayığı” elan edilməsində məqsəd işəgötürənlərin, ümumən cəmiyyətin əməyin təhlükəsizliyi məsələsinə diqqətinin artırılması, bu sahədə hələ də mövcud olan nöqsanların tam aradan qaldırılması üçün aidiyyəti qurumların nümayəndələri ilə birgə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulub.

.