Xəzər rayonu Binə qəsəbəsində marşrut avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilənlərin vəziyyəti ağır olaraq qalır.
Xəstəxanadan Publika.az-a verilən məlumatda bildirilib ki, qəza nəticəsində xəsarət alanlardan 3-ü reanimasiya şöbəsində, 3-ü isə əməliyyatdadır: "Qalanları isə müxtəlif şöbələrə yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinə bədənin müxtəlif orqanlarının travması diaqnozu qoyulub”.
***
Xəzər rayonu Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində 34 nəfər xəsarət alıb.
Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yaralılardan 28 nəfər 3 saylı Şəhər Xəstəxanasına, 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilib.
Qəza nəticəsində ümumilikdə 6 uşaq yaralanıb, onlardan 13 yaşlı məktəbli dünyasını dəyişib, digər uşaqlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Ümumilikdə, xəstəxanalara yerləşdirilənlərin hamısının vəziyyəti ağırdır.
****
Bakının Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.
Xəsarət alanlar arasında 5, 6, 10, 12 və 16 yaşlı beş azyaşlı var.
Onun sözlərinə görə, hadisə nəticəsində dünyasını dəyişən 13 yaşlı oğlandır.
****
Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.
O qeyd edib ki, hadisə zamanı yaralanan azyaşlı xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.
