Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti "Bahar Energy” əməliyyat şirkətini cərimə edib.
Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, işçini tutduğu vəzifəsindən qeyri-qanuni azad etdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməi "Bahar Energy” əməliyyat şirkətini 3500 manat (iki halda 1500+2000 manat) cərimələyib. Əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə baglı cərimə (2000 manat) bu gün - aprelin 18-də ödənilib.
M.Qəhrəmanlı deyir ki, "Bahar Energy” cəriməni ödəsə də müfəttişliyin qərarı ilə bağlı məhkəmə iddia qaldırıb: "Məhkəmə şikayəti təmin etmədiyindən qərardan apelyasiya şikayəti verilib. Lakin Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarıni qüvvədə saxlanması ilə bağlı qərar qəbul edib və qərar qəbul edildiyi gündən qanuni qüvvəyə minib”.
M.Qəhrəmanlı qeyd etdi ki, son aylar dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması və neft hasilatının aşağı düşməsi ilə əlaqədar olkəmizdə neftçilərin ixtisara salınması müşahidə olunur: "Çox hallarda isə işəgötürənlər, xüsusilə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər işçilərini ixtisara salarkən və ya əmək müqaviləsinə xitam verərkən mövcud qanunvericiliyi nəzərə almırlar və əmək müqavilələrinə xitam verərkən Əmək Məcəlləsinin tələblərini pozurlar. Nəticədə hüquqlarının pozulduğunu iddia edən işçilər məhkəmələrə müraciət edirlər.
"Bahar Energy” şirkətindən təşkilata daxil olan məlumata əsasən, Nərimanov Rayon Məhkəməsi 15.02.2015 tarixində "Bahar Energy” şirkətində əmək müqaviləsinə qanunsuz xitam vermiş R.Vəliyevi əvvəlki işinə bərpa edilməsi ilə bağlı qətnamə çıxarıb. Həmin işçi yüksək ixtisaslı mütəxəssisdir və quyuların qazılması texnologiyası üzrə texnika üzrə fəlsəfə doktorudur”.
M.Qəhrəmanlı dedi ki, həmin işçi ilə 2014-cü ilin oktyabrda növbəti 1 il müddətinə müqavilə uzadılsa da şirkət 2015-ci ilin yanvar ayında məzuniyyətdən sonra ilk iş günü heç bir xəbərdarlıq bildirmədən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsi ilə birtərəfli qaydada xitam verilib. "Bahar Energy” şirkəti Nərimanov Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Həmin şikayət Apelyasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun icraatındadır.

.