Elm və Təhsil Nazirliyi elmi qurum deyil.

Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" verilişində deyib.

Nazir bildirib ki, söhbət təhsillə elm arasındakı koordinasiyadan gedir:

“Bu, elmi fəaliyyətin koordinasiyası, daha çox bu işin inzibati idarə edilməsi üçündür. Yeni maliyyələşmə mexanizmlərin tətbiqi nəzərdə tutulur".

Nazir qeyd edib ki, əvvəl təhsillə elm arasında bir-birini təkrarlayan, bir-birini tamamlamayan fəaliyyətlər var idi. Bu addım koordinasiyalılığı təmin edəcək: “Elmlə bağlı suallar, prioritetlər Elmlər Akademiyası tərəfindən müəyyən edilir. Elm, tədris və tədqiqatları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Eyni zamanda, ali təhsil müəssisələrində kadr hazırlığının daha mükəmməl olması üçün tədqiqatların aparılması vacibdir. Ali təhsil müəssisələrində bu mühit bəzən mümkün olub, bəzən mümkün olmayıb. Lakin islahatlardan sonra buna müvəffəq ola biləcəyik”.

Emin Əmrullayevin sözlərinə görə, elm və təhsilin inkişafı üçün əsas məsələlərdən biri də qarşılıqlı faydalanmadır: “İstənilən ali təhsil müəssisələrinin reytinqini müəyyən edən əsas faktorlardan biri elmi tədqiqatlardır. Mənə elə gəlir ki, bizim ali təhsil müəssisələrinin reytinqlərdə geri olmasının bir neçə səbəbi var. Onlardan biri də elmi tədqiqatların olmamasıdır. Elm elə bir sahədir ki, ora nə qədər az müdaxilə olsa, daha yaxşı inkişaf ola bilər. Burada müdaxilə dedikdə tənzimləmə nəzərdə tutulur. Elmin və tədqiqatların inkişafı üçün mühit və tədqiqatlara tələbat olmalıdır. Ən asan məsələ alimləri elmi tədqiqatların aparılmamasına görə qınamaqdır. Düşünürəm ki, alimin tədqiqat aparması, elmi nəticə əldə etməsi üçün əsas məsələ ona olan tələbatın formalaşdırılmasıdır”.

Nazir vurğulayıb ki, təhsildə elmlə ünsiyyət nə qədər çox olarsa, uşaqlarda elmə maraq artar, elm də gəncləşər.

Emin Əmrullayev deyib ki, Elmlər Akademiyasında yaş faktoru çox qabardılır: “Mən yaş faktorunu çox düşünmürəm. Mənim üçün insanların bacarıqları daha önəmlidir. Lakin varisliyin, davamlılığın təmin edilməsi üçün gənclərin elmə cəlb edilməsi vacibdir”.

Elm və təhsil naziri: Alimlər arasında ixtisarlar qətiyyən nəzərdə tutulmur

Alimlər arasında ixtisarlar qətiyyən nəzərdə tutulmur.

Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" verilişində deyib.

O bildirib ki, qarşıya qoyulan məqsəd kimisə işdən çıxarmaq, kimisə yaşına görə diskriminasiya etmək deyil: “Növbəti mərhələyə baxış çox önəmlidir. Uzunmüddətli inkişaf elmsiz mümkün deyil. Geniş şəkildə ixtisarlar və optimallaşdırılmalar yəqin ki, olmayacaq”.

Yeni yaradılan agentliklərin hansı istiqamətdə fəaliyyət göstərəcəyinə gəlincə isə nazir qeyd edib ki, bu qurumlar müvafiq təhsil pilləsi üzrə koordinasiyasını həyata keçirəcək.

.