Sertifikasiya imtahanında 60 sual verilib, onlardan 50-si ibtidai sinfə aid suallardır.
Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusundakeçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, ibtidai sinif müəllimlərindən sertifikasiyaya başlamaq boşuna deyildi:
“Çünki uşaqlar ilk biliklərə ibtidai sinifdə yiyələnir. Bu biliklərə yiyələnmə səviyyəsi də müəllimin öz fənnini bilməsindən asılıdır. Yaxşı xəbər odur ki, bu gün hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. Sertifikasiyadan sonra bizim ibtidai sinif müəllimləri arasında qross əməkhaqqımız 1000 manata yaxındır. Düşünürəm ki, bu, çox yaxşı rəqəmdir. Pis xəbər isə odur ki, hər 4 müəllimdən biri öz fənnindən minimal balı toplaya bilməyib. 76 % müəllim - 8787 nəfər müəllim sertifikasiyadan keçib. Çox az sayda müəllimimiz var ki, imtahandan kəsilib. Artıq 10 ilə yaxındır ki, biz müəllimləri imtahanla işə qəbul edirik. Bizim imtahanla işə qəbul etdiyimiz müəllimlərdən biri yoxdur ki, bu imtahandan kəsilsin. Bu, yaxşı xəbərdir. Düşünürük ki, müəllimlərin işə qəbul imtahanı ilə sertifikasiya arasında da əlaqə var”.
.
