Qazaxıstan neftinin “Drujba” neft kəməri vasitəsilə tranziti texniki imkan yaranan kimi bərpa ediləcək.

“TASS” xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov jurnalistlərə bildirib.

“Hazırkı vəziyyətdə bu (tranzitin dayandırılması ilə bağlı məlumat - red.) yalnız may ayına aiddir, çünki bizim ikinci rüb üzrə indikativi (planlaşdırılan tədarük həcmi - red.) Rusiya tərəfi bütün üç ay üçün sıfır göstərib. Lakin mən həmkarlarımla danışmışam, ad çəkməyəcəyəm, texniki imkan məsələsi həll olunan kimi Qazaxıstan neftinin tranziti bərpa ediləcək”, - deyə nazir qeyd edib.

O əlavə edib ki, planlaşdırılan müvəqqəti dayandırma dövründə Qazaxıstan neft tədarükünü digər istiqamətlər üzrə bölüşdürür. Belə ki, əlavə həcmlər Xəzər Boru Kəməri Konsorsiumu (KТК) vasitəsilə də nəql olunacaq.

“Hasilatın azaldılması nəzərdə tutulmur. Bizdə bu həcmləri digər istiqamətlərə yönləndirmək imkanı var”, - Yerlan Akkenjenov vurğulayıb.

Nazir həmçinin onu da bildirib ki, nefti Çin istiqamətinə də yönləndirmək mümkündür.

Qeyd edək ki, Qazaxıstan həmçinin Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə də neft nəql edir.

Xatırladaq ki, öncə “Reuters“ mənbələrinə istinadən xəbər verib ki, Rusiya 1 maydan etibarən Qazaxıstan neftinin Almaniyaya “Drujba” kəməri vasitəsilə ixracını dayandırmağı planlaşdırır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu barədə məlumatlı olmadığını bildirib və sorğunu aidiyyəti şirkətlərə yönləndirib.

.