Təhsil naziri Emin Əmrullayev MİQ imtahanları zamanı riyaziyyat fənnindən sualların satılmasına münasibət bildirib.

Nazir bu gün keçirilən brifinqdə deyib ki, Nazirlik bu məsələdə zərərçəkən tərəfdir.

“Çünki bu suallar bazada yerləşdirilir və imtahana bazada olan suallardan seçilir. Biz sualları aldığımız şəxslərlə məxfilik müqaviləsi imzalayırıq. Riyaziyyat fənnindən suallarla bağlı bu cür problemin olması bizim üçün də pisdir. Bəzi sualların ictimaiyyətə açıqlanmasını araşdırırıq. Mənə görə də Təhsil İnstitutu və Təhsil Nazirliyinin prosesi şəffaf keçirməməkdə günahlandırılması əsassızdır. Sual satmaq həvəsimiz olsaydı, hamısını satardıq. Məqsəd təbii ki, bu deyil. Nöqsanın səbəbini araşdırmalıyıq. Səbəb odur ki, hansısa müəllim qaydaları pozub və buna görə də məsuliyyət daşıyır. Biz bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik və bu məsələni araşdıracağıq", - nazir əlavə edib.

MİQ müsabiqəsində 60 mindən artıq namizəd iştirak edib

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 60 mindən artıq namizəd iştirak edib.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bu il ilk dəfə olaraq 5 mindən artıq namizədi eyni anda imtahan edə biliblər:

"Builki imtahanlarımız əvvəlki illərlə müqayisədə həm təşkilatçılıq, həm də nəticələr baxımından bizi qane edir. Sadəcə riyaziyyat fənni üzrə sual müəlliflərindən biri bizə verdiyi sualları ictimaiyyətə təqdim edib. Onunla bağlanmış müqavilə çərçivəsində müvafiq iş aparılıb. Bəzən deyirlər ki, imtahan çətindir. Bu, düzdür. Lakin məqsəd də ən yaxşıları seçməkdir. İnanıram ki, müsabiqədən keçən namizədlər öz sahələrinə həqiqətən də bələddirlər".

Təhsil naziri: “Müəllimlərin ən böyük problemi metodika ilə bağlıdır”

Bəzi məktəblərimizdə maddi-texniki baza ilə bağlı problemlər var.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, Azərbaycanın bütün məktəblərində hər şeyi yaxşı eləmək elə də asan deyil:

“Bunun obyektiv və subyektiv səbəbləri var. Bu il 75 faizdən artıq şagirdin təhsil aldığı məktəb fiberoptik internetlə təmin ediləcək. Digər tərəfdən, sinifdə ağıllı lövhə asılıbsa, bu, o demək deyil ki, həmin şagirdlər daha yaxşı oxuyur. Yəni, ağıllı lövhə olmadan da yüksək nəticələr əldə etmək mümkündür. Bizim müəllimlərin əksəriyyətinin ən böyük problemi metodika ilə bağlıdır”.
 

.