“Səfər zamanı mən Prezident İlham Əliyevlə şəxsən görüşmək şərəfinə nail oldum”.

Bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat brifinqində deyib.

Nazir bildirib ki, Prezidentlə görüş böyük əhəmiyyət kəsb edirdi: “Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan dostluğunun daha da möhkəmlənməsində xüsusi rolu var. Ölkələrimizin rifahı naminə bizim əməkdaşlığımız daha da möhkəmlənəcək. Həmkarımla görüşdə regionumuzun sabit inkişafı üçün ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdik. Beynəlxalq əhəmiyyətli, Bakı-Tbilisi-Qars və digər layihələri yüksək qiymətləndirdik. Bu layihələr ölkələrimizin cəlbediciliyini artırır. İki ölkə arasında ticarət əlaqələri ən yüksək səviyyədədir”.

Darçiaşvili Bakı ilə Tbilisinin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıdığını da vurğulayıb: “Biz biri-birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik”.

Gürcüstan XİN başçısı qeyd edib ki, regionun inkişafı üçün ölkələr arasında sülh danışıqları davam etməlidir: “Biz istəyirik ki, regionda sülhə nail olunması üçün layihələri davam etdirək. Birgə səylərimizlə biz bütün çətinliklərin öhdəsindən gələ bilərik. Səfər zamanı keçirilən görüşlər ölkələrimiz arasında strateji tərəfdaşlığa böyük önəm verəcək. Gürcüstan sülhün bərqərar olması üçün yardımçı olmağa hazırdır. Bu digər platformalara ziddiyyət təşkil etmir”.

.