“Hərəkatın hazırkı sədri kimi Azərbaycan Respublikası Afrika qitəsini fəaliyyət dövründə diqqət mərkəzində saxlanılması üçün prioritet regionlarından biri kimi müəyyən edib”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Afrika Gününə həsr olunmuş “Qoşulmama Hərəkatının təkamülündə Afrika qitəsinin irsi” mövzusunda konfransda deyib.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi təhvil alması COVID-19 pandemiyası dövrünə təsadüf etdiyindən, Azərbaycan həm Qoşulmama Hərəkatının sədri, həm də milli qisimdə pandemiyanın inkişaf etməkdə olan dövlətlər, xüsusilə də Afrika dövlətləri üzərində təsirini minimuma endirməyə yönəlmiş qlobal təşəbbüsləri təşviq etmək üçün səylərini əsrigəməyib:

“Böhran vəziyyətlərinin Afrika xalqlarına təsirini minimuma endirmək üçün Azərbaycan öz milli imkanları çərçivəsində Afrika ölkələrinə, o cümlədən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə əhəmiyyətli miqdarda maliyyə və humanitar yardım göstərib. Azərbaycan Afrikada təhsilin inkişafına da töhfə verib qızların təhsili sahəsində UNESCO ilə birgə layihələr həyata keçirib”.

Nazir vurğulayıb ki, böyük potensiala malik olan Afrika ümid və vəd qitəsidir: “Dünyanın ən gənc əhalisi olan bu qitədən dünyanın qazanacağı çox şey var. Burada Qoşulmama Hərəkatında biz bu geniş potensialı qəbul edirik və qiymətləndiririk”.

Ceyhun Bayramov qeyd edib ki, mövcud olduğu 60 il ərzində Qoşulmama Hərəkatı ölkələri ideoloji, siyasi, iqtisadi, sosial və mədəni müxtəlifliyə baxmayaraq, fikir ayrılıqlarını aradan qaldırmaq bacarığını nümayiş etdirib və qarşılıqlı əməkdaşlığa və ortaq dəyərlərin qorunmasına gətirib çıxaran ümumi fəaliyyət zəminini tapıblar: “Afrika ölkələrinin töhfəsi, şübhəsiz ki, onilliklər ərzində Qoşulmama Hərəkatına tab gətirməkdə əvəzsiz olmuşdur və ümid edirəm ki, bugünkü konfrans bu barədə düşünmək üçün əla fürsət olacaq”.

XİN başçısı diqqətə çatdırıb ki, dünya böyük dəyişikliklərə və inkişaflara məruz qalıb: “Belə bir vaxtda, humanizm və universalizm kimi fundamental prinsiplərə bağlılıq öhdəliyimizi bir daha nümayiş etdirmək vacib əhəmiyyət kəsb edir. Azərbaycan Qoşulmama Hərəkatına Sədrliyi dövründə və ondan sonrakı dövrdə çoxtərəfli diplomatiyanı inkişaf etdirmək və Qoşulmama Hərəkatının üzvləri arasında əməkdaşlıq, dostluq və həmrəyliyi gücləndirmək üçün üzv dövlətlərlə, o cümlədən Afrika qitəsindəki dövlətlərlə işləmək üçün səylərini əsirgəməyəcək”.

.