Elə müəllimlər var ki, ibtidai sözünü "iptidai, ibtidayi" yazır. Həmin müəllimin şagird qarşısına çıxarılması günahdır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, ona görə həmin müəllimləri sertifikasiyaya cəlb edirik ki, təhsilin keyfiyyəti artsın:

“Digər tərəfdən sertifikasiyanın keçirilməsidən sonra əlavələr də tətbiq olunacaq ki, bu da müəllimlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək”.

Nazir: “Erkən nikahlarla bağlı məsələdə məktəb direktorunun müdaxilə imkanları məhduddur”

Elm və təhsil naziri Emin Əmrullayev məktəb yaşlı şagirdlərin erkən nikahı ilə bağlı məsələdə direktorların müdaxiləsi məsələsinə münasibət bildirib.

Nazir deyib ki, erkən nikahlarla bağlı məsələdə məktəb direktorunun və müəllimlərin müdaxilə etmək imkanları məhduddur:

“Çünki bir çox hallarda erkən nikahlar IX sinifdən sonra baş verir. IX sinifdən sonra isə təhsil icbari deyil. Yəni bəzi uşaqlar artıq ümumiyyətlə məktəbə gəlmirlər ki, direktor məsələni bilsin. Amma təbii ki, məktəb daxilində bununla bağlı maarifləndirmə işi aparılır və aparılmalıdır. Bu, daha çox ailə, cəmiyyət, mədəniyyət məsələsidir. Ona görə də məktəb direktorunun bu məsələdə günahı yoxdursa, onu necə cəzalandırmaq olar?”

Nazir: “Məktəb psixoloqlarının fəaliyyəti ilə şagird intiharları arasında əlaqə görünmür”

“Məktəb psixoloqlarında intiharın səbəbini axtarmaq və ona yönəlmək doğru deyil. Bunun səbəbləri tam başqadır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, məktəb psixoloqlarının fəaliyyəti ilə şagird intiharları arasında əlaqə görünmür.

Nazir həmçinin psixoloqların maaşları ilə bağlı məsələyə də toxunub:

“Əvvəllər şagird sayından asılı olmayaraq, hər məktəbdə bir psixoloq fəaliyyət göstərirdi. Biz hazırda məktəblərdə qısnama, bullinq və.s halları ilə bağlı psixoloji xidmətin mahiyyətinin dəyişməsi haqda düşünürük. Bununla bağlı işlərə başlamışıq. Bundan sonra əməkhaqqı məsələsinə də yenidən baxıla bilər. Burada əsas məqam məktəblərdə psixoloji xidmətin keyfiyyətini artırmaqdır”.

Elm və təhsil naziri: “Kiçik komplektli məktəblərin tikilməsi üçün planlar var”

“Qəzalı olan məktəblərimiz var. Lakin hamısını bir gündə təmir etmək mümkün deyil”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, hər il 60-ya yaxın məktəb təmir edilir və ya yenidən tikilir:

“Həmçinin modul tipli məktəblər də tikilir. Hazırda kiçik komplektli məktəblərin tikilməsi üçün planlar var. Bu olsa daha çox yeni məktəb tikə bilərik”.

Nazir: “Azad edilmiş ərazilərlə bağlı ayrıca proqramımız, hesablamalarımız var”

“4400 məktəbin təxminən 70 faizi bölgələrdə, kəndlərdə yerləşir. Ora kimsə gedib dərs deməlidir. Bizim müəllim problemimiz yoxdur, sadəcə ora getmək istəyi ilə bağlı problemimiz var”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, təcrübə bunu göstərir ki, biz həmişə yerləri 97-98 faiz doldura bilirik:

“Ucqar yerlərdə işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirləri də tətbiq olunur, kompensasiyalar ödənilir. İşğaldan azad olunmuş bölgələrlə bağlı məsələyə gəldikdə xüsusi yanaşmamız var.

Artıq Zəngilanın Ağalı kənd məktəbinə də işə qəbul prosesinə başlamışıq. Təbii ki, müvafiq keyfiyyət göstəricisinə cavab verən həmin bölgədən olan müəllimləri ora qaytarmaq prioritet məsələmizdir. Bununla bağlı ayrıca proqramımız, hesablamalarımız var”.

.