Almaniya Kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya dair iddialarını nəzərə alaraq, NATO-nun adadakı mövcudluğunun artırılmasının vacibliyini bildirib.

Bunu Olaf Şolts RND redaksiya birliyinə müsahibəsində açıqlayıb.

Şolts sərhədlərin toxunulmazlığı prinsipi ilə bağlı şərh edərək qeyd edib ki, bu prinsip hər kəsə şamil edilməlidir. “İqlim dəyişikliyi Arktika bölgəsini dəyişir, Çin və Rusiyanın böyük maraq göstərdiyi yeni gəmi yolları açır. Ona görə də bizim NATO çərçivəsində bir-birimizlə müzakirə etməyimiz lazım olan qanuni təhlükəsizlik məsələləri var. Fikrimcə, biz NATO-nun Qrenlandiyada mövcudluğunu artırmalıyıq", - deyə Kansler vurğulayıb.

Şolts əlavə edib ki, Vaşinqtonla yaxşı münasibətləri saxlamaq üçün bundan sonra da əlindən gələni edəcək. “Hətta işlər daha da çətinləşsə belə”, - deyə o, sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, Tramp yanvarın 7-də Qrenlandiyanın ABŞ-nin bir ştatına çevrilməli olduğunu bildirib və Danimarka adadan imtina etməsə, onu yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib.

.