“Son günlər bəzi saytlarda "SİRAB"ın guya Vasif Talıbova məxsus olması və “SİRAB” sularının satışının da Vasif Talıbovun “Gəmiqaya” şirkəti tərəfindən həyata keçirildiyinə dair yayılan fikirlərin heç bir əsası yoxdur və cəfəngiyyatdan başqa bir şey deyil”.

Babək "SİRAB" ASC-nin İdarə Heyətinin sədri Namiq Novruzov mövzu ilə əlaqədar verdiyi açıqlamasında belə deyib. "SİRAB" haqqında ortaya atılan bu kimi reallıqdan uzaq ittihamların mediada yer almasından təəssüfləndiyini bildirən Namiq Novruzov qeyd edib ki, zaman-zaman qərəzli şəkildə “SİRAB” haqqında bu səpgili yazılar və məlumatlar yayılsa da, həmin xəbərlərin gerçəyi əks etdirmədiyi tez bir zamanda üzə çıxıb, cəmiyyətdə süni şəkildə yaradılmış çaşqınlığa son qoyulub: “Lakin, qeyd etdiyim kimi, bu gün də bizi kimlərəsə bağlamaq, saxta iddialarla suçlamaq cəhdləri müşahidə edilir”.
Babək “Sirab” ASC-nin səhmdarların təsis etdiyi Açıq Səhmdar Cəmiyyət olduğunu və istehsal etdiyi “Sirab” sularının satışının da Cəmiyyətin özünün satış kollektivi tərəfindən həyata keçirildiyini vurğulayan İH sədri, 1950-ci illərdən sənaye məqsədilə istifadəsinə başlanılan və 1968-ci ildə Azərbaycanın ən Böyük mineral sudoldurma zavodu olaraq istifadəyə verilən “SİRAB”ın Sovet İttifaqının dağılmasından sonra fəaliyyətini tamamilə dayandırdığını, baxımsızlıqdan istifadəyə yararsız vəziyyətə düşdüyünü xatırladıb: “Lakin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda sahibkarlığa göstərdiyi qayğı sayəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrildi, növbəti illərdə dövlətin ayırdığı güzəştli kreditlərin və təsisçilərin öz hesabına şirkət daha da inkişaf etdi. Səhmdarların və “SİRAB” kollektivinin 20 illik əzmkar və yorulmaz fəaliyyəti sayəsində “SİRAB” bu gün ölkənin milli su brendi, Azərbaycanın nümunəvi və xalqın dəstəyini qazanmış sahibkarlıq subyektidir. “SİRAB” çoxsaylı Naxçıvan sakininin əmək haqqı qazandığı bir ünvandır. Bir çox ölkəyə ixrac həyata keçirən “SİRAB” bundan sonra da qətiyyətlə fəaliyyət göstərəcək, Azərbaycanın adını ölkə hüdudlarından kənarlarda da ləyaqətlə təmsil edəcək”.

Namiq Novruzov, media mənsublarını “SİRAB” haqqında hər hansı məlumat yayarkən diqqətli olmağa, ölkənin öndə gedən markalarından biri haqda bu cür ağır, iftira xarakterli xəbərlərin yayılmasına rəvac verməməyə çağırıb.

Qeyd edək ki, Namiq Novruzov Babək "SİRAB" ASC-nin qanuni təmsilçisidir. Şirkət 2003-cü ildə Babək Rayon Vergilər İdarəsi tərəfindən qeydiyyata alınıb. Onun nizamnamə kapitalı 1,7 milyon manatdır.

.