İyulun 4-də gecə saat 23 radələrində Naftalan şəhərində yaşadıqları evin yaxınlığında şəhər sakinləri - 1979-cu il təvəllüdlü Elnurə Verdiyevanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, qızı 2002-ci il təvəllüdlü Aysun Həsənovaya isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan daxil olan məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılmışdır.

İlkin araşdırmalarla cinayətin zərəçəkmişin əri Zəfər Məmmədov tərəfindən ailə-məişət zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

 Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəfər Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

.