“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən mühüm infrastruktur layihələrinin icrası davam etdirilir.
"APA-Economics" ADSEA-ya istinadən xəbər verir ki, Dövlət Proqramı çərçivəsində icra olunan mühüm layihələrdən biri Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikintisidir.
Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının vahid sistem üzrə toplanmasına, daşınmasına və müasir texnologiyalar əsasında təmizlənməsinə xidmət edəcək.
Yeni infrastruktur Ceyranbatan Su Anbarının ətrafında qrunt sularının tənzimlənməsinə, subasma risklərinin azaldılmasına, sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına və ərazidə ekoloji təhlükəsizliyin gücləndirilməsinə imkan yaradacaq.
2028-ci ildə başa çatdırılması nəzərdə tutulan layihə tamamlandıqdan sonra gətirici kanalizasiya kollektoru, tullantı sutəmizləyici qurğu, texnoloji hovuzlar, mühəndis sistemləri və yardımçı obyektlər vahid və dayanıqlı infrastruktur sistemi kimi fəaliyyət göstərəcək.
.
