• “Dəmir Yumruq” ictimai birliyi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə yaşayan birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarına mənəvi-psixoloji dəstək layihəsinin icrasına başlayıb.

İctimai birliyin sədri, birinci Qarabağ müharibəsinin veteranı Əbil Zeynalov bu barədə “Vətən səsi”nə məlumat verərkən bildirib ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun erməni faşizmi üzərində qazandığı möhtəşəm Zəfər qəhrəman hərbçilərimizin, döyüşlərdə könüllü iştirak edən gənclərimizin düşməndən mənəvi-psixoloji və fiziki üsytünlüyünü, cəsarətini, cəsurluğunu, qorxmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, ordumuzun müasir silahlarla təchizatı nə qədər yüksək səviyyədə olsa da, son nəticədə Qələbə ölümün gözünə dik baxmağı bacaran vətən övladlarının hünəri səyəsində əldə edilib.

Bununla belə, keçmiş döyüşçülərin bir çoxu uzun müddət  “müharibə sindromu” adlanan psixoloji narahatlıq hissi keçirir, yenidən mülki həyata uyğunlaşmaqda çətinlik çəkir, ən xırda problemlə üzləşdikdə belə daxilən sarsılır, bədbinliyə qapılır. Son  dövrdə məhz “müharibə sindromu”nun təsiri altında bəzi faciəli hadisələrin baş veridiyini xatırladan Əbil Zeynalov keçmiş döyüşçülərə mənəvi-psixoliji yardım göstərmək, onlarla müntəzəm təmasda olmaq, problem və çətinlklərindən vaxtında xəbər tutub, müvafiq qurumlarla əməkdaşlıq şəraitində bunları aradan qaldırmaq qərarına gəldiklərini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin dəstəyi ilə fəal iş aparmağa başladıqlarını bildirib.

İctimai birliyin üzvləri artıq Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, “Qobu park” yaşayış kompleksində məcburi köçkün qazi və veteranlarla görüşlər keçiriblər. Növbəti görüş Qaradağ rayonunun “Ümid” qəsəbəsində təşkil olunacaq.

 

.