“Bu gün təhsildə sağlamlaşdırmaya getməliyik. Təhsili sağlamlaşdırmağın yolu nədir? Bu, sertifikasiyadır”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Musa Qasımlı deyib.
O bildirib ki, valideyn-məktəb əlaqəsi gücləndirilməlidir: “Əgər bu gün təhsilin sağlamlaşdırılması üçün vacid addımlar atılmasa, bir neçə ildən sonra vəziyyət heç də ürəkaçan olmayacaq. Dövlət regionlarda gözəl məktəblər tikib, amma təhsilin keyfiyyəti aşağı səviyyədədir. Öz peşəsini bilməyən şəxsi sinifə buraxmaq olmaz, uşaqları kor etmək olmaz”.
Deputat diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində ölkədə çobanlar məktəblərə direktor təyin olunurdu:
“Bunu edənlər də bu gün xalqdan, millətdən danışanlardır. Bu gün məktəb rəhbərlərinin çoxu yerində deyil. Adını yaza bilməyən biri məktəbi idarə edirsə, həmin təhsil müəssisəsində keyfiyyətli tədris gözləmək olmaz”.
MM-in Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə bildirib ki, problemlər var: “Bununla razıyam. Amma Musa müəllim, bizi heç bir fəlakət gözləmir”.
.