Mərkəzi Seçki Komissiyasının (MSK) Nəzarət-Təftiş Xidməti yaradılıb.

Bu, MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Məsələ barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, Nəzarət-Təftiş Xidmətinin rəhbəri Ramiz İbrahimov, üzvləri isə İlham Məmmədov, Tofiq Həsənov, Maliyyə Nazirliyinin nümayəndəsi, Dövlət Vergi Xidmətinin nümayəndəsi, Hesablama Palatasının nümayəndəsi olacaq.

MSK-da yeni şöbə və sektor yaradılıb, bir şöbənin adı isə dəyişdirilib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında katibliyin strukturuna dair məsələyə baxılır.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, komissiyanın tapşırığı ilə müasir dövrün tendensiyaları və hazırda respublikada gedən dəyişiklikləri öyrənərək katibliyin strukturunda müəyyən dəyişikliyə gedilib.

“Bir sıra sahələr üzrə yeni formatda Katiblikdə müəyyən dəyişikliklər etməyə ehtiyac var. MSK artıq 35 minə yaxın dairə seçki komissiyası üzvlərinin və digər əməkdaşların sənədləşmə işləri ilə məşğul olur. Son illərdə respublikamızda əmək münasibətləri ilə bağlı bir sıra islahatlar aparılıb. Yeni bir struktur vahidinə ehtiyac yaranıb. MSK-nın Ümumi şöbəsinin tərkibində yeni - İnsan resursları sektoru yaradılması məqsədəuyğun olardı”, - deyib.

Sədr müavini qeyd edib ki, digər struktur vahidi isə kommunikasiya ilə bağlıdır: “Bu gün həyatımızda çoxsaylı yeniliklər - istər sosial şəbəkələr, istər onlayn platformalar yaranıb. Ona görə də MSK-nın Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin adının yenilənməsinə ehtiyac yaranıb. Həmin şöbənin adının Media və kommunikasiya şöbəsi olaraq dəyişdirilməsini təklif edirik”.

Onun sözlərinə görə, digər tərəfdən, ölkədə siyasi partiyalarla bağlı bir sıra layihələr həyata keçirilir: “MSK da siyasi partiyalarla yaxın işləyən qurumlardan biridir. Məhz siyasi partiyaların fəaliyyətinin məğzi seçkilərdə iştirak etməkdir. Bütün bunları nəzərə alaraq MSK katibliyində yeni bir şöbənin yaradılması – Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin yaradılmasını təklif edirik”.

Rövzət Qasımov vurğulayıb ki, həmin şöbənin də tərkibində seçkilərlə bağlı siyasi partiyalarla iş sektoru və siyasi partiyaların maliyyə məsələləri sektoru fəaliyyət göstərəcək.

.