Xarici qüvvələr Azərbaycana qarşı mediada Qarabağ məsələsi, din, insan haqları mövzusunda dezinformasiyalar yaymağa cəhd edirlər.

Bunu Mətbuat Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, siyasi sistemə qarşı qeyri-obyektiv, Qərb dəyərləri kimi manipulyativ fikirlərdən istifadə edilir, Azərbaycan enerji ixracatçısı kimi hədəfə alınır:

"Bizim ayrı-ayrı ölkələrdə olan enerji ixracatçı şirkətlərimiz hədəfə alınır. Geosiyasi mövqeyimiz hədəf alınır, məqsəd regional əməkdaşlığa ziyan vurmaqdır. Qlobal təşkilatlarla münasibətlərin pozulması üçün birtərəfli qaydada müəyyən çirkli kampaniyaların aparıldığı müşahidə edilir".

V.Zifəroğlu erməni lobbisinin maliyyə dəstəyi ilə xarici mediada Azərbaycan qarşı təbliğat işləri aparıldığını diqqətə çatdırıb.

O qeyd edib ki, informasiya təhlükəsizliyi bu gün ölkələr üçün prioritet məsələlərdən biridir:

"Sosial mediada saxta xəbər ciddi problemdir. Qlobal güclər hər hansı bir ölkələrin informasiya məkanına sosial şəbəkələr vasitəsilə daxil olmağa çalışırlar".

MŞ-nin sədr müavini deyib ki, Azərbaycanın enerji layihələrinə qarşı təklifləri ilə bağlı müxtəlif istiqamətlərdə manipulyayativ təbliğatlara rast gəlinir:

"Bütün bunların məqsədi Azərbaycanın mövqeyini zəiflətmək, pozucu fəaliyyətlər ortaya qoymaqdır. Media olaraq bizim qarşımızda duran əsas məqsəd isə dəqiq və obyektiv prinsiplərə söykənməkdir. Bundan başqa, jurnalistlərin peşəkar hazırlığı, müəyyən rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi və gücləndirilməsi önəmlidir".

O əlavə edib ki, Azərbaycan mediasının bu vəzifələri həyata keçirməsi ölkənin informasiya müharibəsində daha güclü və davamlı olmasını təmin edəcək.

.