Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN başçısı Sergey Lavrov görüşün məhsuldar keçəcəyinə ümidvar olduğunu söyləyib.
İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan rusiyalı nazir bildirib ki, Rusiya və Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir.
Öz növbəsində, Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
O bugünkü görüşdə ikitərəfli münasibətlərin səviyyəsini, beynəlxalq gündəmi müzakirə edəcəklərini söyləyib.
E. Məmmədyarov Rusiya və Azərbaycan XİN-ləri arasında bu il üçün əməkdaşlıq və məsləhətləşmə Planı imzalayacaqlarını da qeyd edib.
Görüş daha sonra jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Rusiya Xarici İşlər Nazirliyində Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan sərgi açılıb.

Sərginin açılış mərasimində Rusiya və Azərbaycan XİN başçıları Sergey Lavrov və Elmar Məmmədyarov iştirak ediblər.
Nazirlər öncə sərgi ilə tanış olublar.
Sonra Sergey Lavrov Rusiya-Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunan sərgi barədə məlumat verib. Rusiyalı nazir sərgidə iki ölkə arasında münasibətlərin strateji əməkdaşlığını əks etdirən sənədlərin nümayiş olunduğunu söyləyib.
E. Məmmədyarov isə çıxışında iki ölkənin əlaqələrinin 25 ildə çox inkişaf etdiyini deyib. Nazir bildirib ki, 25 ilə ərzində Rusiya ilə Azərbaycan arasında 200-dən çox sənəd imzalanıb.

.