Rusiya paytaxtında 28 May Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib.
Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunan tədbirdə Rusiya xarici işlər nazirinin müavinləri Mixail Qaluzin, Andrey Rudenko, Alkesandr Pankin, Rusiyada akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, hərbi attaşelər, rusiyalı senator və deputatlar, Rusiyanın ekspert cəmiyyətinin tanınmış simaları, diaspor nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şərqdə ilk demokratik respublikanın tarixindən danışıb, müasir dövrdə ölkəmizin müstəqilliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib:
“Sovet İttifaqının süqutundan dərhal sonra Azərbaycanda baş verən siyasi böhran və ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən silahlı işğalı ölkə həyatının bütün sahələrində dönüş yaratmış, müstəqil dövlətimizi ciddi sınaqlarla üz-üzə qoymuşdu. Son dərəcə qeyri-sabit dövrdə ictimaiyyətin təkidli tələbi ilə yenidən rəhbərliyə qayıdan Azərbaycan xalqının görkəmli oğlu - Ümummilli Lider Heydər Əliyev ölkəni iflasa uğramaqdan xilas etdi, çoxsaylı islahatlar başlatdı, gələcək inkişaf üçün möhkəm, hərtərəfli zəmin yaratdı. Onun rəhbərliyi altında Azərbaycan-Rusiya əməkdaşlığına mühüm yer verilən yeni xarici siyasət strategiyası işlənib hazırlandı. Hazırda ölkələrimiz strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərini uğurla həyata keçirir, bütün səviyyələrdə etimadlı və konstruktiv ikitərəfli dialoq aparır, Azərbaycan ilə Rusiya arasında münasibətlərin xarakteri isə hər iki ölkə tərəfindən yüksək qiymətləndirilir.
Biz hər zaman xatırlayırıq ki, bu əməkdaşlığın təməlini xalqlarımız arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstəyə, eləcə də qarşılıqlı maraq, hörmət, suverenlik və ərazi bütövlüyünə əsaslanan Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin formalaşması istiqamətində mühüm addımlar atmış Heydər Əliyev qoyub. Bu gün bu siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev inamla həyata keçirir”.
Səfir 28 May Müstəqillik Gününün ilk dəfə Azərbaycanın bütün ərazisində qeyd olunduğunu xüsusi ilə vurğulayıb: “Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, Qarabağ və ətraf rayonların uzun illər davam edən işğalından sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam və qəti bərpasının ardından son 30 il ərzində ilk dəfə Müstəqillik Günü ölkəmizin bütün ərazisində qeyd olunur. Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan sülh sazişi bağlamaq üçün real imkanlara malikdir. Hazırda iki ölkənin dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyalar arasında fəal iş aparılır və birbaşa ikitərəfli diplomatik danışıqlar yolu ilə sazişlər hazırlanır.
Böyük sevinc hissi ilə qeyd edirəm ki, Komissiyaların birgə fəaliyyəti nəticəsində ötən həftə Qazax rayonunun işğal olunmuş 4 kəndi Azərbaycana qaytarılıb. Fürsətdən istifadə edərək onu da vurğulamaq istərdim ki, Azərbaycan Cənubi Qafqazda münasibətlərin normallaşmasına regiondankənar üçüncü ölkələrin müdaxiləsinə imkan verməyəcək”.
Azərbaycanda baş verən mühüm siyasi, humanitar və iqtisadi hadisələrdən danışan Polad Bülbüloğlu xatırladıb ki, bu il ölkəmiz BMT-nin İqlim Dəyişikliyi Konvensiyası Çərçivə Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. “Bu beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən dəstəyin, böyük hörmət və etimadın əlamətidir. Bu, əlbəttə ki, bizim inamlı, müstəqil və ədalətli siyasətimizin nəticəsidir: biz bu hörməti qətiyyətli addımlarımıza, prinsipial mövqelərimizə və beynəlxalq hüquqa sadiqliyimizə görə qazanmışıq.
Mən də hər bir azərbaycanlı kimi, səmimi qəlbdən ümid edirəm və inanıram ki, Vətənimin bütün nailiyyətləri uzun bir yolun başlanğıcıdır və bütün çətinliklərə baxmayaraq, Azərbaycan sülh gündəmini, tolerantlıq, qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq etmək bacarığı kimi ümumbəşəri dəyərləri qətiyyətlə təbliğ etməyə davam edəcəkdir”, - deyə diplomat yekunlaşdırıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin isə çıxışında Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafını qeyd edib.
“Biz səmimi qəlbdən şadıq ki, liderlərimiz - Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunmuş razılaşmalar əsasında müttəfiq qarşılıqlı fəaliyyətimiz, tərəfdaşlığımız bütün sahələrdə mütərəqqi şəkildə inkişaf edir. Bura siyasi dialoq və beynəlxalq arenada əməkdaşlıq daxildir. Bunlar bizim çoxşaxəli ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrimizdir. Bu əlaqələrə əlavə təkan Azərbaycan prezidenti cənab İlham Əliyevin bu il Moskvaya səfəri oldu. Biz səmimi qəlbdən şadıq ki, dost Azərbaycan Müstəqillik Gününü yüksələn xətlə qeyd edir, ölkə Cənubi Qafqaz regionunda mühüm rol oynayır və beynəlxalq aləmdə nüfuza malikdir”, - deyə M.Qaluzin bildirib.
Daha sonra Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski çıxış edib. Parlamentari iki ölkə arasında əlaqələrin səviyyəsindən danışıb, Bakı-Moskva münasibətlərinin inkişafının Rusiya üçün əhəmiyyətini vurğulayıb.
Tədbir mədəni proqramla davam edib.
.